Gəncədən Türkiyəyə qayıdarkən Gürcüstan sərhədində qəzaya uğrayan “C130” tipli hərbi yük təyyarəsində həlak olan kiçik gizir Ramazan Yağızın həyat hekayəsi sosial şəbəkədə gündəm olub.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, iki qız atası olan Ramazan Yağız atasını uşaq yaşlarında itirib və liseyi bitirdikdən sonra orduya qoşulmağa qərar verib.
Məlum olub ki, o, 10 il əvvəl kök hüceyrə (sümük iliyi) donoru kimi qeydiyyatdan keçib və illər sonra bir xərçəng xəstəsinə uyğun donor olub.
O həmin vaxt paylaşdığı yazıda belə qeyd edib:
“Təxminən 10 il əvvəl kök hüceyrə donoru olmaq istəyirsənmi deyə soruşdular, mən də “bəli” dedim. 10 il sonra mənə xərçəng xəstəsi ilə uyğun olduğum bildirildi. Testlərdən sonra iyun ayında əməliyyat baş tutdu və bu gün həmin adamın xəstəxanadan buraxıldığını eşitdim. Bu, həyatımın ən böyük xoşbəxtliyidir”.
Xatırladaq ki, ötən gün Azərbaycan-Gürcüstan sərhədində Türkiyə Silahlı Qüvvələrinə məxsus “C-130” tipli təyyarənin qəzaya uğraması nəticəsində 20 hərbçi həlak olmuşdu.