Rusiya Prezidenti Vladimir Putin Aİ-nin dondurulmuş Rusiya aktivləri ilə bağlı planını tənqid edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Avropa İttifaqının (Aİ) dondurulmuş Rusiya aktivlərindən istifadə etməyi planlaşdırmasını “açıq soyğunçuluq” adlandıraraq, bunun ağır nəticələrə səbəb olacağı barədə xəbərdarlıq edib.
Putin paytaxt Moskvanın “Qostinıy Dvor” mərkəzində keçirilən illik mətbuat konfransında və vətəndaşların suallarını cavablandırdığı “İlin yekunları” proqramında Ukrayna böhranı və Aİ-nin son addımları ilə bağlı mövqeyini açıqlayıb.
Ukraynanın böhranın həllinə yanaşmasını dəyərləndirən Rusiya Prezidenti Kiyev rəhbərliyinin ərazi məsələsini müzakirə etməyə hazır görünmədiyini bildirib. Putin qeyd edib ki, hazırda Ukraynanın bu mövzuda danışıqlara açıq olduğu müşahidə olunmur.
“Hazırda Ukraynanın ərazi məsələsini müzakirə etməyə hazır olduğunu görmürük. Kiyev indi də böhranın sülh yolu ilə başa çatdırılmasını rədd edir. Bununla belə, Kiyev rəhbərliyindən dialoqu davam etdirməyə dair müəyyən siqnallar alırıq. Biz bu məsələni ötən ilin iyununda açıqladığım prinsiplər əsasında, böhranın əsas səbəbləri aradan qaldırıldığı təqdirdə, sülh yolu ilə həll etmək niyyətindəyik”, – deyə Putin vurğulayıb.