Ukrayna Prezidenti Volodimir Zelenski NATO-nun 36-cı Zirvəsinin Ukrayna baxımından mühüm əhəmiyyət daşıyacağını gözlədiklərini bildirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Zelenski sosial şəbəkə hesabında paylaşdığı açıqlamada Rusiyanın Ukraynanın müxtəlif bölgələrinə endirdiyi zərbələrdən sonra davam edən axtarış-xilasetmə əməliyyatları barədə məlumat verib.
O bildirib ki, Rusiya ordusunun əvvəlki gecədən etibarən paytaxt Kiyev və Kiyev vilayətinin Vışneve şəhərinə həyata keçirdiyi hava hücumları nəticəsində həlak olanların sayı 22 nəfərə çatıb. Prezidentin sözlərinə görə, yaralıların sayı isə 90 nəfəri ötüb.
Zelenski qeyd edib ki, Rusiya hücum zamanı 68 raket və 351 pilotsuz uçuş aparatı (PUA) tətbiq edib. O vurğulayıb ki, Ukraynanın daha çox hava hücumundan müdafiə sisteminə ehtiyacı var.
Prezident xatırladıb ki, “Patriot” hava hücumundan müdafiə raket sistemlərinin istehsalı üçün ABŞ-dən müvafiq lisenziya hüququnun verilməsini istəyiblər.
“Bu, bizim üçün ən mühüm prioritetdir”, – deyə Zelenski bildirib.
Ukrayna Prezidenti əlavə edib ki, Ankarada keçiriləcək NATO-nun 36-cı Zirvəsinin Ukraynaya dəstəyin gücləndirilməsi baxımından mühüm qərarlarla yadda qalacağına ümid edirlər.
“Ankarada keçiriləcək Avro-Atlantik məkanının ən güclü dövlətlərinin zirvə toplantısının da nəticəsiz qalmayacağını ümid edirik”, – deyə Zelenski vurğulayıb.