Rusiya Müdafiə Nazirliyi Ukraynanın paytaxtı Kiyevdə yerləşən hərbi-sənaye təyinatlı obyektlərə zərbələr endirildiyini açıqlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, nazirliyin yaydığı məlumata görə, Rusiya Silahlı Qüvvələrinin Ukraynaya qarşı həyata keçirdiyi əməliyyatlar çərçivəsində gecə saatlarında Kiyevdəki hərbi müdafiə sənayesi müəssisələri hədəfə alınıb.
Açıqlamada iddia olunub ki, Ukrayna tərəfi Rusiya ərazisində mülki obyektlərə qarşı hücumlar həyata keçirib və bu zərbələr həmin hücumlara cavab olaraq endirilib.
Nazirlik bildirib ki, əməliyyat yüksək dəqiqlikli quru bazalı silahlardan istifadə edilməklə həyata keçirilib.
Açıqlamaya əsasən, zərbələr nəticəsində "Samsung-Ukrayna" sənaye müəssisəsi vurulub. İddia edilir ki, həmin müəssisədə FP-5 "Flamingo" qanadlı raketləri üçün hissələr istehsal olunur və saxlanılırdı. Bundan başqa, uzaq və orta mənzilli pilotsuz uçuş aparatlarının yığıldığı emalatxananın da hədəfə alındığı bildirilib.