ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın Hörmüz boğazında hücum imkanlarını zəiflətmək məqsədilə həyata keçirilən 9-cu hava zərbələri dalğasının başa çatdığını açıqlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, əməliyyatın əsas hədəfi İranın boğazdan keçən ticarət gəmiləri və mülki dəniz nəqliyyatına qarşı hücum imkanlarını məhdudlaşdırmaq olub.
CENTCOM-un yaydığı bəyanatda bildirilib ki, İranın hərbi potensialının zəiflədilməsi istiqamətində əməliyyatlar davam etdiriləcək və ABŞ qüvvələri bölgədə tapşırıqları yerinə yetirməyə tam hazır vəziyyətdədir.
Açıqlamada qeyd olunub ki, hücumların doqquzuncu gecəsində İranın hərbi komandanlıq mərkəzləri, rabitə şəbəkələri, sahil müşahidə və hava hücumundan müdafiə obyektləri, hərbi dəniz qüvvələrinin bazaları, həmçinin raket və pilotsuz uçuş aparatlarının yerləşdiyi bazalar hədəfə alınıb.