ABŞ administrasiyası Kanadanın Amerika məhsullarına qarşı ayrı-seçkilik xarakterli ticarət siyasəti həyata keçirdiyini əsas gətirərək, bu ölkədən idxal olunan bəzi mallara 50 faiz həcmində əlavə gömrük rüsumu tətbiq ediləcəyini açıqlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Ağ Evin yaydığı bəyanatda bildirilib ki, ABŞ Prezidenti Donald Tramp Kanadanın ABŞ ticarətinə münasibətdə ayrı-seçkilik xarakterli addımlarına cavab olaraq, 1930-cu il Tarif Qanununun 338-ci maddəsinə əsasən Kanada mənşəli müəyyən məhsullara 50 faiz əlavə gömrük rüsumunun tətbiqini nəzərdə tutan üç ayrı prezident fərmanı imzalayıb.
Bəyanatda qeyd olunub ki, bu qərarın məqsədi Kanadanın ABŞ ticarətinə qarşı tətbiq etdiyi ayrı-seçkilik xarakterli siyasətin yaratdığı mənfi təsirləri aradan qaldırmaq, həmçinin avtomobillər, alkoqollu içkilər və süd məhsulları kimi mühüm Amerika ixrac məhsulları üçün bərabər rəqabət şəraiti formalaşdırmaqdır.
Ağ Evin məlumatına görə, imzalanan hər üç fərman Kanada mənşəli müxtəlif məhsul qruplarına 50 faiz əlavə gömrük rüsumunun tətbiqini nəzərdə tutur. Bu siyahıya şərab, hokkey çubuqları, sement və digər məhsullar daxildir.