Hindistanın Sikkim ştatında su elektrik stansiyası layihəsi çərçivəsində inşa edilən tuneldə baş vermiş partlayış nəticəsində həlak olanların sayı 12 nəfərə yüksəlib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, səlahiyyətli qurumların məlumatına görə, tunelin bir hissəsinin çökməsi nəticəsində ölənlərin sayı artıb. Hazırda tuneldə köməksiz vəziyyətdə qaldığı bildirilən 13 nəfərin xilas edilməsi istiqamətində axtarış-xilasetmə əməliyyatı davam etdirilir.
Hindistanın Milli Su Elektrik Enerjisi Şirkətinin (NHPC) yaydığı açıqlamada bildirilib ki, hadisə qayaların arasında sıxılmış vəziyyətdə olduğu ehtimal edilən metan qazının qəfil sərbəst buraxılması nəticəsində baş verib. Qeyd olunub ki, bu proses güclü partlayışa, sıx tüstünün və zəhərli qazların yaranmasına səbəb olub.
Milli Fövqəladə Hallara Cavab Qüvvəsi (NDRF) isə partlayışın tunelin girişindən təxminən 1,5 kilometr məsafədə baş verdiyini açıqlayıb.
Sikkim ştatının baş naziri Prem Sinq Tamang hadisənin səbəblərinin araşdırıldığını bildirərək, "Hadisənin dəqiq necə və hansı şəraitdə baş verdiyini müəyyənləşdirmək üçün hərtərəfli araşdırma aparılır", - deyə vurğulayıb.