Rusiyada həbsxanaya narkotik vasitə keçirmək məqsədilə istifadə edilən pişik təhlükəsizlik əməkdaşları tərəfindən saxlanılıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, heyvanın üzərində aşkar edilən gizli qurğu cəzaçəkmə müəssisəsinin əməkdaşlarını təəccübləndirib.
Hadisə Rusiyanın Nijni Novqorod vilayətində yerləşən 17 saylı cəzaçəkmə müəssisəsində baş verib. İlk baxışda adi küçə pişiyi təsiri bağışlayan heyvanın davranışı həbsxana əməkdaşlarının diqqətini çəkib və o, yoxlama üçün saxlanılıb.
Baxış zamanı pişiyin boynuna bağlanmış, əl üsulu ilə hazırlanmış iki parça qayışın içərisində gizlədilmiş bağlamalar aşkar edilib.
Aparılan ekspertiza nəticəsində bağlamaların içərisində narkotik vasitələrin olduğu müəyyənləşdirilib. Hüquq-mühafizə orqanları aşkarlanan narkotikləri götürərək faktla bağlı araşdırmaya başlayıblar.
Cinayətkar qruplaşmalar tərəfindən istifadə edilən pişik isə yoxlamalar başa çatdıqdan sonra sərbəst buraxılıb.