Avropa ölkələri səhiyyə sistemlərini ekstremal isti dövrünə pandemiyalar qədər ciddi hazırlamalıdır.
Manset.az xəbər verir ki, bu barədə TASS-a Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Hans Klüge bildirib.
O qeyd edib ki, xəstəxanaların bu vəziyyətə hazırlığı pandemiyaya olan hazırlıqla müqayisə ediləcək dərəcədə əhəmiyyətli olmalıdır:
"XXI əsrin yay mövsümündə Avropada həddən artıq isinmiş xəstəxana palatalarının, ifrat dərəcədə yorulmuş tibb işçilərinin, eləcə də işləməyən soyutma və informasiya texnologiyaları sistemlərinin olması yolverilməzdir.
Cari yay mövsümündən çıxarılan dərslər aydın və təcrübi əhəmiyyətə malikdir. Qabaqcadan xəbərdarlıq mexanizmləri yalnız o zaman insan həyatını qurtara bilər ki, onlar sadəcə tövsiyələrlə yekunlaşmasın, ardınca ictimai səhiyyə sektorunda təcili və qətiyyətli addımlar avtomatik olaraq atılsın", - deyə Hans Klüge vurğulayıb.
ÜST rəsmisi bu cür addımlara risk qrupuna daxil olan həssas vətəndaşların səhhətinin nəzarətdə saxlanılmasını, ictimai məkanların sərinləşdirilməsini və açıq havada işləyən şəxslərin iş rejiminin tənzimlənməsini aid edib.