Sürətlə güclənən El-Nino iqlim hadisəsinin gələn ilin sonunadək dünyada təxminən 50 milyon insanı kəskin aclıq təhlükəsi ilə üz-üzə qoya biləcəyi açıqlanıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, məlumata görə, bu vəziyyət Afrikanın bəzi bölgələrində uzun illərdir davam edən quraqlıq və İran ətrafında yaranmış münaqişələrin ərzaq qiymətlərinə göstərdiyi təzyiq fonunda onsuz da təhlükəli səviyyədə aclıq yaşayan yüz milyonlarla insan üçün əlavə yük yaradacaq.
BMT-nin Ümumdünya Ərzaq Proqramı çərşənbə günü yaydığı xəbərdarlıqda qeyd edib ki, El-Nino hadisəsi bəzi proqnozlarda gözləniləndən daha zəif olsa belə, bir çox ölkədə ərzaq təhlükəsizliyi sahəsində vəziyyəti daha da ağırlaşdıracaq.
Qurumun təhlilinə əsasən, El-Nino hazırda kəskin ərzaq çatışmazlığı yaşayan 45 ölkədə bu problemlə üzləşən insanların sayını 20 faizdən çox artıracaq. Hazırda həmin ölkələrdə təxminən 225 milyon insan kəskin ərzaq təhlükəsizliyi problemi yaşayır.
Qiymətləndirməyə görə, El-Ninonun təsirinə ən çox Mərkəzi və Cənubi Amerika, Karib hövzəsi ölkələri, eləcə də Cənubi Afrika məruz qalacaq.
Bununla yanaşı, Cənubi və Cənub-Şərqi Asiyada yağıntıların normadan az olacağı proqnozlaşdırılır. Mütəxəssislər bildirirlər ki, bu hal kənd təsərrüfatına və fermerlərin fəaliyyətinə ciddi mənfi təsir göstərə bilər.