ABŞ Venesuela ilə bağlanan tarixi razılaşma çərçivəsində əldə olunacaq neftlə özünün Strateji Neft Ehtiyatlarını bərpa edəcək.
Manset.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp özünün “Truth Social” sosial şəbəkə hesabında paylaşım edib.
Ağ Ev rəhbəri bildirib ki, eks-prezident Co Baydenin dövründə ölkənin strateji neft ehtiyatları demək olar ki, tamamilə tükənib. Trampın sözlərinə görə, ehtiyatların bərpası prosesi çox tezliklə başlayacaq və bu, Venesuelanın Amerika xalqına bir “hədiyyəsi” olacaq.
Məlumata görə, Vaşinqton və Karakas sübut olunmuş ehtiyatları təxminən 65 milyard barel təşkil edən 17 neft yatağının işlənilməsi barədə saziş imzalayıblar. Donald Tramp Amerika tərəfinin bu ehtiyatlar üzərində “majoritar nəzarət” əldə etdiyini vurğulayaraq anlaşmanı “tarixin ən böyük neft sövdələşməsi” adlandırıb.
Qeyd edək ki, Venesuela prezidenti vəzifəsini icra edən Delsi Rodriges də sazişi təsdiqləyərək layihələr çərçivəsində ölkəyə 100 milyard dollardan çox investisiya qoyuluşunun nəzərdə tutulduğunu bəyan edib. Artıq Amerika şirkətlərinin Venesuela neft sektoruna milyardlarla dollar yatırmağa hazır olduğu bildirilir.