İsveçin cənubundakı sahil qəsəbəsi Torekov qeyri-adi ənənəsi ilə diqqət çəkir. Təxminən 1 000 nəfərin yaşadığı qəsəbədə insanların küçədə, kafedə, marketdə, hətta velosiped sürərkən hamam xalatı ilə görünməsi adi haldır.
Manset.az-ın məlumatına görə, bu ənənənin əsasında səhər saatlarında dənizə girmək vərdişi dayanır. Sakinlər səhərlər dənizə girir, sudan çıxdıqdan sonra isə gündəlik geyimlərini geyinmək əvəzinə hamam xalatlarını üzərlərinə keçirirlər.
Qəsəbədə hamam xalatı ilə it gəzdirən, alış-veriş edən və ya kafedə oturan insanlara rast gəlmək təəccüblü qarşılanmır.
İsveçli kontent yaradıcısı Freja Settergren də hamam xalatı geyinməyin Torekovda gündəlik həyatın bir hissəsinə çevrildiyini bildirib. Xüsusilə səhərlər geniş yayılan bu vərdiş günün digər saatlarında da davam edir.
Qəsəbə sakinlərinin istifadə etdiyi hamam xalatları müxtəlif rəng və naxışlarda olur.
Kiçik limanı və təbii gözəllikləri ilə tanınan Torekov bu qeyri-adi həyat tərzi ilə turistlərin də marağına səbəb olur.