Kanada hökuməti İrana qarşı təzyiqləri davam etdirmək və daha çox sanksiya tətbiq etmək məqsədilə beynəlxalq müttəfiqləri ilə əməkdaşlığı gücləndirəcəyini açıqlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Kanadanın xarici işlər naziri Anita Anand və maliyyə naziri Fransua-Filip Şampan hökumətin rəsmi internet səhifəsində birgə bəyanat yayıblar.
Nazirlər bəyanatda İranın Hörmüz boğazından keçmək istəyən gəmilərə qarşı təhdidlərinə və ölkənin qanunsuz nüvə fəaliyyətlərinə diqqət çəkiblər.
Onlar Hörmüz boğazının yenidən açılması üçün ABŞ-ın rəhbərlik etdiyi səylərin əhəmiyyətini vurğulayaraq, İrana qarşı təzyiqləri davam etdirmək və əlavə sanksiyalar tətbiq etmək məqsədilə beynəlxalq müttəfiqlərlə əməkdaşlığı gücləndirəcəklərini bildiriblər.
Nazirlər İranın “Yaxın Şərqdə sabitliyi pozan fəaliyyətlərinə dərhal son qoymalı olduğunu” qeyd edərək, “İranın terror fəaliyyətlərini maliyyələşdirmək imkanlarını zəiflətməyə” yönəlmiş bütün səyləri dəstəkləməyə davam etdiklərini açıqlayıblar.