ABŞ Ukrayna və Rusiyanın qış aylarında müharibənin deeskalasiyası istiqamətində addımlar atmasının mümkünlüyünü araşdırır. Paralel olaraq daha geniş sülh razılaşması üzrə danışıqların bərpası nəzərdən keçirilir.
Manset.az APA-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
Zelenskinin fikrincə, qışa qədər qalan həftələr diplomatiya üçün imkan yaradır. Ukrayna Prezidenti hesab edir ki, Rusiya Prezidenti Vladimir Putin növbəti sərt qışdan Ukraynanı zəiflətmək üçün istifadə etməyə çalışacaq.
Bununla yanaşı, Zelenski Putinin ABŞ Prezidenti Donald Trampla münasibətlərini qorumaqda maraqlı olduğunu düşünür.
“Mənim hissim budur ki, Putinə Tramp lazımdır. O, Trampı məyus etmək istəmir”, – Zelenski bildirib.
Ukrayna Prezidentinin fikrincə, Putin deeskalasiyada maraqlı olmasa belə, Tramp administrasiyası onu buna sövq etmək üçün təzyiq göstərə bilər.
Putinin ABŞ-də keçiriləcək aralıq seçkilər ərəfəsində Trampa diplomatik qələbə qazandırmaq istəyib-istəməyəcəyi barədə suala Zelenski müsbət cavab verib.