Almaniyada Milli Xəbərdarlıq Günü çərçivəsində zəlzələ, yanğın, elektrik enerjisinin kəsilməsi və radiasiya təhlükəsi kimi fövqəladə hallara hazırlıq məqsədilə ölkə üzrə altıncı dəfə təlim keçirilib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, təlim zamanı xəbərdarlıq sistemləri sınaqdan keçirilib, erkən xəbərdarlıq sirenləri işə salınıb və mobil telefonlara bildirişlər göndərilib.
Almaniyada Milli Xəbərdarlıq Günü çərçivəsində ölkə üzrə altıncı dəfə təlim keçirilib. Mülki Müdafiə və Fəlakətlərə Yardım Federal İdarəsinin (BBK) təşkilatçılığı ilə əhalinin fövqəladə hallara hazırlığını yoxlamaq məqsədilə yerli vaxtla saat 11:00-da ölkə üzrə sirenlər səsləndirilib.
Federal modul xəbərdarlıq sistemi vasitəsilə mobil telefonlara sınaq və məlumat xarakterli “Fövqəladə hal xəbərdarlığının sınağı” məzmunlu bildirişlər göndərilib. Mobil telefonlarda bir dəqiqə ərzində xəbərdarlıq siqnalı səslənib. Saat 11:45-də isə xəbərdarlığın başa çatması barədə mobil telefonlara daha bir bildiriş göndərilib.
Təlim zamanı paytaxt Berlində 423 sirendən 363-ü işlək vəziyyətdə olub. Ötən il 30 illik fasilədən sonra sirenlərin ilk dəfə yenidən səsləndirildiyi Berlində onların əksəriyyəti işləməmişdi.