Fransa Prezidenti Emmanuel Makron ölkədə 15 yaşdan aşağı uşaqların sosial mediadan istifadəsi ilə bağlı yeni qaydaların hazırlandığını açıqlayıb.
Manset.az-ın xarici mediaya istinadən əldə etdiyi məlumata görə, Makron bildirib ki, bu qaydalar bütün Avropada uşaqlar üçün vahid standart kimi tətbiq olunmalıdır.
Fransa Prezidenti sosial media hesabında paylaşdığı açıqlamada uşaqların internet mühitində qorunması ilə bağlı verdikləri vədin arxasında olduqlarını qeyd edib.
Makronun sözlərinə görə, Fransa Konstitusiya Şurasının avqustun ortalarında 15 yaşdan aşağı şəxslər üçün sosial mediaya məhdudiyyətlərlə bağlı qərarından sonra hökumət bu istiqamətdə fəaliyyətə başlayıb.
O, Avropa İttifaqının qanunvericiliyinə və Şuranın xəbərdarlıqlarına uyğun yeni hüquqi çərçivənin hazırlandığını bildirib.
Makron qeyd edib ki, bir ay davam edən hərtərəfli texniki işlərdən sonra hazırlanmış layihə bu gün rəsmi şəkildə Avropa Komissiyasına təqdim olunub.
Fransa Prezidenti yeni tənzimləmənin yalnız ölkə daxilində deyil, bütün Avropada uşaqların internetdə təhlükəsizliyinin təmin olunması baxımından nümunə təşkil etməli olduğunu vurğulayıb.