Nigeriyanın şimalındakı Zamfara əyalətində baş verən difteriya epidemiyası nəticəsində 44 nəfərin həyatını itirdiyi bildirilib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Zamfara Əyaləti Səhiyyə Nazirliyinin İctimai Səhiyyə üzrə direktoru Yusuf Haske jurnalistlərə açıqlamasında bu il əyalətdə 367 şübhəli difteriya halının qeydə alındığını bildirib.
Haske xəstələrdən götürülən nümunələrin laboratoriya müayinələri zamanı difteriyaya səbəb olan bakteriyanın aşkarlandığını deyib. Onun sözlərinə görə, 323 xəstə müalicə başa çatdıqdan sonra xəstəxanadan evə buraxılıb.
Epidemiya səbəbindən 44 nəfərin həyatını itirdiyini bildirən Haske xəstəliyin yayılmasında icma daxilində aktiv yoluxmanın əsas amillərdən biri olduğunu qeyd edib.
Haske difteriya hallarından ən çox 6-10 yaşlı uşaqların təsirləndiyini vurğulayıb. O, xəstəliyin yayılmasının qarşısını almaq məqsədilə məktəblərin açılışının iki həftə təxirə salındığını bildirib.