Gürcüstanın xarici borcunda avqust ayında qeydə alınan artımdan sonra azalma baş verib.
Manset.az Musavat.com-a istinadən xəbər verir ki, sentyabrda ölkənin xarici kreditorlar qarşısındakı borc öhdəlikləri 142 milyon dollar azalıb.
Sentyabrın yekunlarına əsasən, Gürcüstanın xarici borcu 8,92 milyard dollara enib. Bunun 8,6 milyard dollarını dövlət borcu təşkil edir.
Sentyabr ayında Gürcüstan xarici maliyyə qurumlarından 56 milyon dollar həcmində yeni kredit cəlb edib. Eyni zamanda, əvvəlki borclar üzrə 41,7 milyon dollar əsas məbləğ, 19,5 milyon dollar isə faiz ödənişi həyata keçirilib.
Gürcüstanın ən böyük xarici kreditorları sırasında Asiya İnkişaf Bankı, Dünya Bankı, Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı və Avropa İnvestisiya Bankı yer alır.
Asiya İnkişaf Bankı Gürcüstanda nəqliyyat infrastrukturu, enerji, şəhər təsərrüfatı və digər inkişaf layihələrinin maliyyələşdirilməsində iştirak edir. Avropa İnvestisiya Bankı isə ölkədə infrastrukturun modernləşdirilməsi və iqtisadi inkişaf proqramlarına maliyyə dəstəyi göstərən beynəlxalq qurumlardandır.
Gürcüstanın xarici dövlət borcuna beynəlxalq maliyyə təşkilatlarından və xarici dövlətlərdən alınmış kreditlər, eləcə də xarici bazarlarda yerləşdirilmiş dövlət qiymətli kağızları üzrə öhdəliklər daxildir.