ABŞ hakimiyyəti "biqfut" və ya "saskvoç" kimi tanınan sirli varlıqların müşahidə olunması ilə bağlı arxiv materiallarını dərc edib.
Manset.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə "The Telegraph" məlumat yayıb.
Sənədlərdə şahid ifadələri, izlərin fotoları və araşdırmaların nəticələri əksini tapıb.
Hesabatlardan biri 2010-cu ildə Yuta ştatında qeydə alınan qeyri-adi hadisələrin araşdırılmasına həsr olunub.
ABŞ Müdafiə Nazirliyinin sifarişi ilə mütəxəssislər 25-dən çox şəxsi dindiriblər. Onlar forma dəyişə bilən varlıqlar, ikiayaqlı heyvanlar, müəmmalı işıqlı obyektlər və qeyri-adi səslər barədə danışıblar.
Təsvirlər arasında şimpanze kimi əllərinin köməyi ilə hərəkət edən solğun, tüksüz varlıq, eləcə də it bədənli, donuz sifətinə bənzər ağız-burun quruluşuna malik iri heyvan da var.
Bununla belə, aşkarlanan tük nümunələrinin analizi onların itə və yenota məxsus olduğunu göstərib.
Tədqiqatçılar şahidlərin dediklərini yerli folklorla əlaqələndiriblər.
Digər sənədlərdə 1941-ci ildə Montanada baş verən hadisədən bəhs edilir. Həmin vaxt ovçular nəhəng izlər və vurulmuş sığın cəmdəyinin yoxa çıxdığını aşkarlayıblar.
1982-ci ildə Oreqonda aparılan araşdırmanın materiallarında isə təxminən 38 santimetr uzunluğunda izlər yer alıb.
Mütəxəssislərdən biri bu izlərin rezin və ya gipsdən hazırlanmış süni ayaq vasitəsilə salına biləcəyi qənaətinə gəlib.
Antropoloqlar qeyd edirlər ki, dərc olunan sənədlərdə "qar adamı"nın mövcudluğuna dair yeni, inandırıcı sübutlar yoxdur.
Çoxsaylı şahid ifadələrinə və fotolara baxmayaraq, biqfutun varlığının elmi təsdiqi hələ də tapılmayıb.