Serbiya Prezidenti Aleksandr Vuçiç ölkə parlamentini buraxıb və aprelin 3-nə növbədənkənar seçkilər təyin edib.
Manşet.az xəbər verir ki, bu barədə “N1” telekanalı məlumat yayıb.
Prezident bu qərarı konstitusiya və “Serbiya prezidenti haqqında” qanun əsasında, eləcə də hökumətin təklifi ilə qəbul edib.
“Bizi parlamentə və bir sıra yerli icra orqanlarına seçkilər gözləyir. Mən vətəndaşları ölkənin demokratik imkanlarını göstərmək və bunun nə qədər vacib olduğunu nümayiş etdirmək üçün bu seçkilərdə iştirak etməyə çağırıram", - deyə Vuçiç vurğulayıb. O, həmçinin ölkə vətəndaşlarını sivil şəkildə fikirlərini bildirməyə, bir-birinə hörmət etməyə çağırıb.
Xatırladaq ki, yanvarda Serbiyada konstitusiyaya dəyişikliklə bağlı referendum keçirilib. Seçkilər Avropa İttifaqının Belqraddan ədliyyə islahatı tələbləri ilə əlaqədar keçirilib. Dəyişikliklərin təsdiqindən sonra Brüssel Avropaya inteqrasiya prosesini sürətləndirəcəyinə söz verib.