Zelenski Bakının adını niyə çəkdi- niyə Minski seçildi?

09:57 - 02 Mart 2022

Zelenski Bakının adını niyə çəkdi- niyə Minski seçildi?

Məlumdur ki, Ukrayna prezidenti Volodimir Zelenski Rusiya ilə danışıqlar üçün aralarında Bakının da olduğu 4 şəhəri təklif etmişdi. Bunlar İstanbul, Varşava, Bakı və  Budapeşt şəhərləri idi. 

 

Yada salaq ki, Rusiya və NATO rəsmiləri bir neçə dəfə Bakıda dünyanın taleyi ilə bağlı mühüm məsələləri müzakirə ediblər. 2017-ci ilin fevralında Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və ABŞ Silahlı Qüvvələrinin qərargah rəisləri komitəsinin sədri Cozef Danfordun görüşü Bakıda keçirilmişdi. Həmin ilin sentyabrında isə Valeri Gerasimov Bakıda NATO Hərbi Komitəsinin rəhbəri Petr Pavellə görüşmüşdü. 2019-cu ilin iyununda Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov NATO-nun Avropadakı Birləşmiş Qoşunlarının baş komandanı Tod Uolterslə görüşərək mühüm məsələləri müzakirə etmişdi.

O zaman da Rusiya tərəfi görüş üçün Belarusun paytaxtı Minski seçmişdi. ABŞ isə bu variantdan imtina edərək görüş üçün Şərqi Avropanı üstün tutduğunu bildirmiş, nəticədə Bakı bir neçə dəfə bu görüşlərin məkanı olmuşdu. Belə mühüm görüşlərin Bakıda keçirilməsinin əsas səbəblərindən biri də Azərbaycanın nə NATO-nun, nə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olmasıdır. Azərbaycan təkcə yerləşdiyi regionda deyil, həm də daha geniş miqyasda sabitləşdirici rol oynayır. Azərbaycanın Şərqlə Qərb arasında körpü rolunu oynadığı da tarixən sübut olunmuş faktdır.

Baxmayaraq ki, Minsk də bu münaqişədə tərəf kimi çıxış edir, Rusiya-Ukrayna danışıqları Qomeldə baş tutdu. Görünür, Rusiya onun safında yer almış Belarus liderini incitməmək üçün Minsk üzərində israr etdi. Amma istisna deyil ki, danışıqların növbəti mərhələlərində Bakı da seçimlərdən biri olsun...

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Zelenskinin Bakının adını çəkməsini bir neçə səbəbdə görür: “Zelenskinin Bakının adını çəkməsinin bir neçə səbəbi var idi.

Birincisi, Bakı əvvəllər də görüş yeri kimi seçilib. Rusiya ilə NATO arasında münasibətlər gərginləşəndə tərəflər müzakirə yeri kimi Bakını seçdilər. 2017-ci ilin fevralında Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və ABŞ Silahlı Qüvvələrinin qərargah rəisləri komitəsinin sədri Cozef Danford Bakıda görüşdülər. Həmin ilin sentyabrda Valeri Gerasimov NATO Hərbi Komitəsinin rəhbəri Petr Pavellə yenə Bakıda görüşdü. Növbəti görüş 2019-cu ilin iyununda yenə Bakıda oldu. Doğrudur, bu görüşlər Rusiya ilə NATO arasındakı sualların sayını azaltmadı. Ancaq hər  o dövr üçün gərginliyin artmasına imkan vermədi. Bakının seçilməsi onunla bağlı idi ki, Azərbaycan tərəflərdən bərabər məsafədə idi. İkincisi, Azərbaycan Prezidenti İlham Əliyev Ukrayna üçün ən gərgin dövrdə bu ölkəyə rəsmi səfər edib, Zelenski ilə görüşdü. Prezidentlər əməkdaşlığın inkişafı yollarını müzakirə etdilər. Digər tərəfdən, müharibə başladıqdan sonra İlham Əliyev Ukraynaya humanitar yardım göndərməyə, Dövlət Neft Şirkəti Ukraynada humanitar yük daşıyan maşınlara pulsuz yanacaq verdi. Bütün bunlar rəsmi Kiyev tərəfindən yüksək qiymətləndirildi. Azərbaycan cəmiyyətinin Rusiyanın işğalını pislədiyi də Zelenskinin Bakının adını çəkməsinə şərait yaratdı.

Elxan Şahinoğlu son çıxışı ilə özünü və “ağalarını” belə ələ verdi -  ƏTRAFLI | KONKRET

Elxan Şahinoğlu: “Kreml görüş yeri kimi Bakının seçilməsinin əleyhinə ona görə olub ki...”

Bundan başqa, İlham Əliyev özü də Zelenskiyə telefon edərək Bakının vasitəçi ola biləcəyini təklif etdi. Zelenski həmin telefon söhbətində İlham Əliyevin Ukraynaya daha çox yanacaq göndərməyi xahiş etdi. Rəsmi Bakı Ukrayna prezidentinin bu xahişini də yerinə yetirəcək. Rusiya və Ukrayna təmsilçiləri arasında görüş Belarusun Qomel şəhərində keçirildi. Kreml görüşün Minskdə keçirilməsini təklif edirdi. Rəsmi Kiyev Minskə nümayəndə heyəti göndərməyəcəyini bəyan etdi. Çünki Ukraynaya qarşı hərbi müdaxilədə Belarus da iştirak edir. Rusiya Belarus ərazisindən Ukraynaya hücum edir, raketlər atır. Rəsmi Kiyev güzəşt kimi görüş yeri kimi Belarusla sərhəd şəhərini seçdi. Buna baxmayaraq, görüş yeri kimi Bakının adının hallanması Azərbaycanın bölgədə oynadığı rola işarə idi. Azərbaycan İkinci Qarabağ müharibəsində qələbə qazandıqdan sonra Cənubi Qafqazda aparıcı rolunu gücləndirib. Məsələn, Ukrayna ətrafında baş verən hadisələr fonunda Ermənistanın adı çəkilmir. Çünki Ermənistan Rusiyadan asılı dövlətdir, erməni cəmiyyəti Ukraynanın işğalını pisləmir. Mümkündür ki, Rusiya və Ukrayna təmsilçilərinin gələcək görüş yeri kimi Bakının adı yenidən hallansın. Görünür, Kreml görüş yeri kimi Bakının seçilməsinin əleyhinə ona görə olub ki, Azərbaycan cəmiyyətinin işğalı pislədiyini müşahidə edir. Ancaq zaman keçdikcə Rusiya rəsmiləri və diplomatları reallıqla hesablaşmaq məcburiyyətində qala bilərlər".

Moskva artıq “təhlükə zəngini” çalır - Asif Nərimanlı

Asif Nərimanlı: “Bakının görüş yeri kimi seçilməsi yenidən aktuallaşacaq”

Siyasi analitik Asif Nərimanlı burada etibarlılıq əmsalını daha çox görür: “İndiyə qədər iki qütbün - Qərb və Rusiyanın Bakıda keçirilən görüşləri hazırda dünyanın bir nömrəli problemi olan Ukrayna-Rusiya danışıqlarına ev sahibliyi etmək imkanı böyükdür. Adətən qlobal səviyyəli məsələlərin müzakirəsi üçün seçilən məkanlarda bir neçə amil rol oynayır. Birincisi, məkan sahibinin, yəni ölkənin bütün tərəflərlə yaxşı əlaqəsinin olması və nüfuzudur. İkincisi, etibarlılıq amilidir, yəni tərəflər qapalı danışıqların kənara sızmayacağına əmin olmalıdır. Üçüncüsü, təhlükəsizlikdir. Azərbaycan paytaxtının belə görüşlər üçün ən unikal məkanlardan biri olduğu təcrübə ilə təsdiqlənib. Zelenskinin görüş məkanı kimi Bakının da adını çəkməsinin səbəblərindən biri bu amillərdir. Digər tərəfdən, Azərbaycan Prezidentinin Rusiya-Ukrayna müharibəsində tutduğu mövqe burada rol oynayır. Prezident İlham Əliyev Moskva və Minsk arasında vasitəçilik etmək istəyən azsaylı liderlərdəndir və burada məqsəd tökülən qanın qarşısını almaq, sülhə nail olmaqdır. Müharibədən öncə də Azərbaycan Prezidenti bu istiqamətdə işləməyə başlamışdı, müharibənin gedişində də fəaliyyəti davam edir. Bu yaxınlarda Əliyevlə Putinin Ukrayna mövzusunu müzakirə etməsi bunu təsdiqləyir. Zelenski anlayır ki, hazırda Putinlə təmasların yaradılmasına nail ola biləcək liderlərin sayı azdır və Azərbaycan Prezidenti bu az saya daxildir. Ukrayna prezidentinin Belarus masasından öncə imtina etməsi həm təhlükəsizlik amilinə, həm də bu ölkənin tərəf olduğuna görə idi. Lakin Lukaşenko ilə danışıqdan sonra görüş təklifini qəbul etdi. Görünür, Belarus prezidenti təhlükəsizliklə bağlı zəmanət verib və Ukrayna prezidenti bu təklifi qəbul etməklə Belarusun müharibədə tərəfsizliyini təmin etmək gedişi edib. Çünki Belarusun da müharibəyə Rusiya tərəfindən qoşulması gözləntisi var və bu, Ukraynaya əlavə problemlər yaradacaq. Digər tərəfdən, rəsmi Kiyev mümkün görüş imkanını da itirmək istəmirdi, bununla həm şərtlərini irəli sürdülər, həm də bir daha müharibə istəmədiklərini göstərdilər. Rusiyanın Belarus masasını seçməsi isə diktə edən tərəf olduğunu nümayiş etdirmək, eyni zamanda Minski müharibədə tərəfsiz kimi göstərmək gedişi idi. Görüşdən gözlənildiyi kimi nəticə çıxmadı, növbəti görüş üçün razılaşma olsa da, hazırda müharibə meydanında baş verənlər və tərəflərin şərtləri nəticənin hasil olacağına inamı azaldır. Fikrimcə, proseslərin sonrakı inkişafında Bakının görüş yeri kimi seçilməsi yenidən aktuallaşacaq. Birincisi, Belarus da müharibəyə qoşula bilər, hətta qoşulmasa belə, nəticəsiz görüşlər masanı dəyişmək zərurəti yarada bilər. İkincisi, Rusiya Zelenskinin təklif etdiyi Avropa şəhərlərinə getməyəcək. İstanbuldan da imtina edəcək, çünki Ankara bu müharibədə tərəf kimi çıxış etməsə də, Türkiyənin NATO üzvlüyü amili var. Üçüncüsü, həm Rusiya, həm də Ukrayna üçün yeganə neytral seçim Bakıdır”.

Cavanşir ABBASLI

“Yeni Müsavat


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az