Futbol üzrə Kolumbiya millisinin qarşıdakı yoldaşlıq oyunları üçün heyəti açıqlanıb.
Manset.az xəbər verir ki, bu barədə Kolumbiya Futbol Federasiyası rəsmi məlumat yayıb.
Məlumata görə, baş məşqçi Nestor Lorenzo 26 futbolçunu milliyə çağırıb.
Maraqlıdır ki, "Qarabağ"lı Kamilo Duranın adı seçməyə dəvət alan futbolçuların siyahısında yoxdur.
Daha əvvəl Ağdam klubu sözügedən oyunçunun milliyə dəvət alması barədə açıqlama yaymışdı. Xəbərdə Duranın ilk dəfə yığmaya çağırıldığı qeyd olunsa da, sonradan həmin paylaşım silinib.
Qeyd edək ki, Kolumbiya yığması martın 26-da Xorvatiya, bundan üç gün sonra isə Fransa yığmaları ilə yoldaşlıq görüşləri keçirəcək.
Baş məşqçinin həmin matçlardan sonra futbol üzrə dünya çempionatına (DÇ-2026) yollanacaq yekun heyəti müəyyənləşdirəcəyi gözlənilir.