Bakıda keçirilən cüdo üzrə dünya çempionatında bürünc medal qazanan Azərbaycan idmançısı Kənan Nəsibov 2028-ci ildə Los-Ancelesdə təşkil olunacaq Yay Olimpiya Oyunlarında mükafatçılar sırasına düşməyi hədəfləyir.
Manset.az Oxu.az-a istinadən xəbər verir ki, +100 kq çəki dərəcəsində çıxış edən cüdoçu bu barədə yarışdan sonra jurnalistlərə açıqlamasında danışıb.
O, azarkeşlərin dəstəyini xüsusi vurğulayaraq qazanılan medalda onların da payı olduğunu bildirib:
"Bütün Azərbaycan xalqına təşəkkür edirəm. Tribunada hər kəs mənə sevgisini hiss etdirdi. Üçüncü yer uğrunda Camal Qamzatxanovla qarşılaşdım. O, həm dostum, həm də məşq yoldaşımdır. Zədələrim olduğuna görə görüşə tam hazır deyildim. Belimdə və dizimdə problem var idi. Buna baxmayaraq, azarkeşlərin dəstəyi mənə əlavə motivasiya verdi və bürünc medal qazandım. Məşqlərdə bir-birimizin texnikasını yaxşı bildiyimiz üçün ehtiyatlı güləşdik və bir-birimizə xal ata bilmədik. Buna baxmayaraq, qələbə qazanmağı bacardım".
Nəsibov gələcək planlarından da söz açıb. O, məşqçiləri Elxan Məmmədov və Mehman Cəfərova verdiyi sözü xatırladaraq daha böyük uğurlar qazanmaq istədiyini söyləyib:
"Özümə və məşqçilərimə söz vermişdim ki, finallara qədər irəliləyəcəyəm. Uşanqi Kokauriyə uduzsam da, bürünc medal qazandım. İnşallah, səhvlərimi düzəldərək 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Yay Olimpiya Oyunlarında Azərbaycana medal gətirəcəyəm".