Misli Premyer Liqasının IX turunun "Sabah" – "Qarabağ" matçında baş verən qayda pozuntularına görə Ağdam klubu cəzalandırılıb.
Manset.az xəbər verir ki, bu barədə AFFA-nın İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
Oyun zamanı "Qarabağ" azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirilib. Bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığı üçün "Qarabağ" klubu 6 000 manat cərimə olunub.
Bundan başqa, görüş zamanı "Qarabağ" fanatları stadionda 27 ədəd skamya sındırıblar. Bu səbəbdən stadiona dəymiş zərərin Ağdam təmsilçisi tərəfindən qarşılanması haqqında qərar çıxarılıb.