"Qəbələ" və Macarıstan "Fehervar"ı arasında UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab görüşünə çıxıb.
Manset.az xəbər verir ki, Qəbələ şəhər stadionunda keçirilmiş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1.
Avstriyalı referi Kristofer Yegerin idarə etdiyi oyun meydan sahiblərinin sürətli hücumları ilə başlayıb. Komandanın yeni transferi Felipe Santos qısa zaman kəsiyində iki əlverişli imkanı qaçırıb. 5-ci dəqiqədə "sambaçı"nın zərbəsi qapının yanından keçibsə, 15-ci dəqiqədə rəqib qapıçı Daniel Kovaç onun təkbətəkdən fərqlənməsinə imkan verməyib.
Rəqib isə ilk real qol imkanını 22-ci dəqiqədə yaradıb. "Qəbələ"nin kapitanı Asif Məmmədovdan topu "oğurlayan" Klaudiu Bumbanın zərbəsi qapıdan aralı keçib.
27-ci dəqiqədə isə meydan sahiblərinin futbolçusu Rafael Utziqin iti bucaq altından vuruşunda azacıq dəqiqlik çatışmayıb.
31-ci dəqiqədə isə "Fehervar" real şansı qaçırıb. Künc zərbəsindən sonra Nikola Serafimovun zərbəsi qapı tirinə tuş gəlib.
34-cü dəqiqədə isə "Qəbələ" hesabı açıb. Rövlan Muradov kombinasiyalı hücumdan sonra topu uzaq küncə göndərib - 1:0.
Bundan az sonra İsnik Aliminin Klaudiu Bumbaya qarşı kobud oynadığını bildirən referi penalti təyin edib. Lakin 41-ci dəqiqədə topa yaxınlaşan Loik Neqo zərbəni qapının üstündən vurub.
Əvəzində 44-cü dəqiqədə Bumbanın ötürməsindən sonra Budu Zivzivadze bərabərlik qoluna imza atıb - 1:1.
Beləliklə, komandalar fasiləyə 1:1 hesablı heç-heçə ilə çıxıblar.
İkinci hissənin əvvəllərində də "Qəbələ" fəal təsir bağışlayıb. 51-ci dəqiqədə meydan sahiblərinin hücumu zamanı Ruan Renatonun zərbəsi qapı dirəyinə tuş gəlib.
65-ci dəqiqədə isə "Fehervar"ın hücumu zamanı künc zərbəsindən sonra rəqib komandanın kapitanı Attila Fiolanın başla zərbəsində eyni hal baş verib.
Bundan 1 dəqiqə sonra meydan sahiblərinin hücumunu Rafael Utziqin baş zərbəsi ilə tamamlanıb. Lakin top qapıçının üstünə gedib.
70-ci dəqiqədə isə Muradovun cərimə zərbəsindən endirdiyi top qapı tirini hədəf alıb. Bundan 1 dəqiqə sonra onun yerinə yetirdiyi növbəti cərimə zərbəsindən sonra qapı qarşısında topa toxunan olmayıb.
73-cü dəqiqədə isə Felipe Santos əks-hücum zamanı rəqib müdafiəçiləri də keçərək, təkbətəkdən fərqlənməyi bacarıb - 2:1.
Qalan dəqiqələrdə "Qəbələ"nin fərqi artırmaq, "Fehervar"ın isə yenidən bərabərlik qolunu vurmaq üçün cəhdləri nəticə verməyib. İlk matçda Macarıstan təmsilçisi 4:1 hesabı ilə qalib gəldiyi üçün iki oyunun yekununda 2:5 hesabı ilə uduzan Azərbaycan təmsilçisi mübarizəni dayandırıb. Bununla belə, "qırmızı-qaralar" ölkə aktivinə 0,250 xal yazdırmağı bacarıb.