İtaliya hökuməti məktəblərdə burqa və niqab geyilməsini qadağan edən, habelə siniflərdə xarici şagirdlərin sayına hədd qoyan yeni qanun layihəsi hazırlayır. Bu barədə ölkənin Baş naziri Corcia Meloni açıqlama verib.
Manset.az xəbər verir ki, Baş nazirin sözlərinə görə, inteqrasiya prosesində ciddi çətinlik çəkən əcnəbi şagirdlərin valideynləri üçün də italyan dilini öyrənmək tələbi tətbiq olunacaq. Ölkədə miqrasiya və inteqrasiya müzakirələrinin qızğın davam etdiyi bir vaxtda gündəmə gələn təşəbbüslər cəmiyyətdə geniş əks-səda doğurub.
Məsələ ilə bağlı "Fondazione ISMU" fondunun yaydığı məlumatda bildirilir ki, hazırda İtaliya məktəblərində təhsil alanların 11,6 faizini ölkə vətəndaşı olmayan şagirdlər təşkil edir. Lakin hökumət hər sinif üçün xarici şagirdlərlə bağlı nəzərdə tutulan konkret limiti hələ ki açıqlamayıb.