logo
logo logo
logo

Gənc nəslin təlim-tərbiyəsində milli dəyərlərə XÜSUSİ DİQQƏT

15:09 - 15 İyun 2026

Gənc nəslin təlim-tərbiyəsində milli dəyərlərə XÜSUSİ DİQQƏT

Gənc nəslin düzgün təlim-tərbiyəsi və onlarda vətənpərvərlik hissinin formalaşdırılması bu gün cəmiyyətin qarşısında duran ən mühüm vəzifələrdən biri kimi ön plana çıxır. Müasir dövrdə gənclərin milli dəyərlərə sadiqlik ruhunda böyüməsi, dövlətçilik ənənələrinə hörmətlə yanaşması və Vətənə bağlılıq hissinin gücləndirilməsi ölkənin gələcək inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır. Bu istiqamətdə həyata keçirilən maarifləndirici tədbirlər və təhsil prosesində aparılan işlər gənclərin hərtərəfli formalaşmasına mühüm töhfə verir.

 

Milli Məclisin deputatı Hikmət Babaoğlu Manset.az-a açıqlamasında bildirib ki, gənc nəsilin təlim-tərbiyəsi və onlarda vətənpərvərlik hissinin formalaşdırılması bir öncəki nəsilin birbaşa borcudur. Bu, bir milli vəzifədir.


“Genetikadan tutmuş digər bütün münasibətlərdə varislik mühüm əhəmiyyətli bir hadisə olduğu kimi, cəmiyyətin ənənələrində, milli yaddaşda, tarixi yaddaşda da varislik bir o qədər əhəmiyyətlidir. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti tarixi zəfərimizdən sonra qeyd etdi ki, bizi Qarabağa qaytaran tarixi yaddaşımız oldu. Eyni zamanda Azərbaycan Prezidenti bir daha onu qeyd etdi ki, tarixi zəfərimizin əldə olunmasında məhz onun hakimiyyət dövründə formalaşmış gənclərin çox böyük rolu oldu. Hazırkı mərhələdə bizim məqsədimiz və vəzifəmiz bu ənənələri davam etdirməkdir. Ona görə də yeni nəsilin formalaşması üçün təhsildən tutmuş, ailə tərbiyəsinə qədər, ictimai tərbiyədən tutmuş, akademik təhsilə qədər bütün sahələrdə biz yeni nəsilin məhz tarixdən gələn milli ənənələrimiz əsasında tərbiyə olunması üçün əlimizdən gələni etməliyik. Burada heç şübhəsiz ki, birincisi, önə çıxan ailə dəyərləridir. Yəni, sosial fərdin şəxsiyyət keyfiyyətlərinin formalaşması, intellektual keyfiyyətlərinin formalaşması, vətənpərvərlik hisslərinin formalaşması ilk növbədə ailə mühitindən başlayır. Ona görə də mən düşünürəm ki, ailə institutu burada birinci mərhələdir, amma bir qədər dar mərhələdir. İkinci mərhələ məhəlli mühitdir və məktəb mühitidir və burada artıq biz ailə ənənələrindən, ailədə uşağın tərbiyəsindən ikinci mərhələyə keçirik. Bu, bir növ yarım akademik mərhələdir, çünki bu mərhələyə daxil olur təlim, təhsil, tədris... Bax, bu prosesdə təhsil proqramlarından tutmuş, əyləncə proqramlarından tutmuş, bədii oxu və məktəbdən kənar oxu vasitələrindən tutmuş bütün vasitələrdə biz məzmuna fikir verməliyik”.

Deputat qeyd edib ki, bu prosesdə ilk növbədə klassik ədəbiyyatımızın, dastanlarımızın, nağıllarımızın, eposlarımızın və onların özündə yaşatdığı mənəvi dəyərlərin gənc nəslə aşılanması vacibdir. Bundan sonra isə müasir dövlətçilik ənənələrimiz, vətənpərvərlik ruhu, hərb tariximiz və tarixi Zəfərimiz kimi mövzular ardıcıl şəkildə təhsil və tərbiyə prosesində öz əksini tapmalıdır:

“İkinci mühüm və ən əsas məsələ mühitdir. Uşaq bağçasından, körpələr evindən başlayaraq ümumi orta təhsilin son mərhələsinə qədər bu istiqamətdə iş davamlı və paralel şəkildə aparılmalıdır. Lakin bu, yetərlidirmi? Əlbəttə ki, yox. Çünki uşaqlar və gənclər erkən yaşlarından etibarən sosial və ictimai mühitlə sıx təmasda olurlar. Onların əhatəsində formalaşan ictimai mühitin keyfiyyəti də şəxsiyyətlərinin və kimliklərinin formalaşmasına birbaşa təsir göstərir.

Buna görə də biz elə bir cəmiyyət qurmalı, elə dəyərlər yaşatmalıyıq ki, yeni nəslə kitablarda öyrətdiklərimizlə gündəlik davranışlarımız arasında ziddiyyət yaranmasın. Kitablarda təbliğ etdiyimiz prinsiplərlə cəmiyyətdəki münasibətlərimiz bir-birini tamamlamalıdır.

Məhz buna görə də hər bir insan, yaşından, peşəsindən, tutduğu vəzifədən və siyasi baxışlarından asılı olmayaraq, gələcək nəsillər qarşısında məsuliyyət daşıdığını dərk etməlidir. Hər bir yetkin Azərbaycan vətəndaşı düşünməlidir ki, onun davranışları və fəaliyyəti gələcək nəslin formalaşmasına təsir göstərir.

Mədəni, tərbiyəli və intellektual insan yetişdirmək asan məsələ deyil. Bu, uzunmüddətli və sistemli fəaliyyət tələb edən bir prosesdir. Johan Galtung deyir ki, mədəniyyət zorakılıq hadisəsidir. Mən isə deyirəm ki, təhsil və tərbiyə də zorakılıq hadisəsidir.

Burada söhbət məcburetmədən deyil, düzgün vərdişlərin yumşaq formada aşılanmasından gedir. Oxumaq vərdişinin formalaşdırılması, mədəni davranış qaydalarının öyrədilməsi, sosial, ictimai və fərdi mədəniyyətin inkişaf etdirilməsi uzun və ardıcıl bir prosesdir.

İnsan sosial varlıq kimi formalaşarkən onun tərbiyəsi və şəxsiyyət kimi yetişməsi uzun illər tələb edir. Doğulduğu gündən müstəqil vətəndaş kimi cəmiyyətə qoşulduğu dövrə qədər təxminən 18-20 illik bir inkişaf mərhələsi keçir.

Bu səbəbdən həmin müddət ərzində həm tədris və təlim prosesində, həm ictimai münasibətlərdə, həm sosial şəbəkələrdə, həm də media və efir məkanında sağlam və nümunəvi mühit formalaşdırılmalıdır. Bununla yanaşı, hər birimiz öz davranışlarımızla da gənc nəslə örnək olmalıyıq.

Bu, mürəkkəb və məsuliyyətli bir vəzifədir. Məhz buna görə də gənc nəslin milli-mənəvi dəyərlər əsasında yetişdirilməsi istiqamətində bütün bu tədbirlərin həyata keçirilməsi olduqca vacibdir”, - deyə Hikmət Babaoğlu fikirlərinə əlavə edib.

 

Fidan Vəlisoy 

6.3.10. gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik

hisslərinin tərbiyəsi;

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb 




Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az