Cənub-Şərqi Asiya ölkəsi İndoneziyada hərbi təyyarənin iştirakı ilə hadisə baş verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, ölkənin Sulavesi adasının cənubundakı Sultan Həsənəddin Beynəlxalq Hava Limanında İndoneziya Hərbi Hava Qüvvələrinə məxsus “Sukhoi Su-30” tipli döyüş təyyarəsi uçuş-enmə zolağından çıxıb. Hadisə hava limanının 13 nömrəli zolağının qərb hissəsində baş verib.
Hava limanının rəsmisi Taufan Yudhistira bildirib ki, təyyarənin zolaqdan çıxmasından sonra onun ərazidən götürülməsi üçün işlərə başlanılıb. O, hadisəyə baxmayaraq hava limanında uçuşların normal qaydada davam etdiyini açıqlayıb. Mülki uçuşların 03/21 nömrəli digər zolaqdan həyata keçirildiyi bildirilib.
İndoneziya Hərbi Hava Qüvvələri təyyarənin zolaqdan çıxmasının səbəbi ilə bağlı hələlik rəsmi açıqlama verməyib.