“Həmkardan həmkara
qayğı ilə” sosial layihəsi çərçivəsində növbəti səyyar tibbi aksiya Balakən
rayonunda keçirilib.
Manset.az xəbər verir ki, Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyasının (AHİK) təşəbbüsü və təşkilatçılığı, Səhiyyə
Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin dəstəyi ilə həyata
keçirilən aksiya zamanı rayon sakinlərinə ödənişsiz tibbi xidmətlər göstərilib.
Balakən Rayon
Mərkəzi Xəstəxanasında təşkil olunan müayinələrdə beş müxtəlif istiqamət üzrə
ixtisaslaşmış həkimlər iştirak ediblər.
İki gün davam
edən aksiya ərzində ümumilikdə 574 nəfərə 2065 tibbi xidmət göstərilib. Müayinələr
zamanı səhhətində hər hansı problem aşkarlanan sakinlərə müvafiq tövsiyələr
verilib, onların sonrakı müalicəsinin istiqamətləri müəyyənləşdirilib.
Aksiyanın təşkilində
AHİK könüllüləri də fəallıq göstəriblər.
“Həmkardan həmkara
qayğı ilə” layihəsinin məqsədi ucqar bölgələrdə yaşayan insanların tibbi xidmətlərə
çıxış imkanlarını genişləndirmək, sağlamlıqlarının qorunmasına dəstək olmaq və
dövlətin sosial siyasətinin həyata keçirilməsinə töhfə verməkdir.
2025-ci ilin
aprel ayında icrasına başlanılan layihə çərçivəsində indiyədək ümumilikdə 3560
vətəndaş ödənişsiz tibbi müayinələrdən keçib.