Son illər enerji içkilərinin istifadəsi artmaqda davam edir. Xüsusilə gənclər arasında bu məhsullara maraq daha yüksəkdir. Lakin tərkibindəki kafein, şəkər və digər kimyəvi maddələr səbəbilə enerji içkiləri sağlamlıq üçün ciddi təhlükə yaradır. Bu səbəbdən bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da bu içkilərin 18 yaşdan aşağı şəxslərə satışına məhdudiyyətlər tətbiq olunur. Amma təəssüf ki, bəzi hallarda bu qaydalara əməl olunmur.
Sağlam qidalanma üzrə ekspert Məhsəti Hüseynova məsələ ilə bağlı Manset.az-a açıqlamasında enerji içkilərinin fəsadlarından danışıb.
O bildirib ki, bu məhsullar xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq riskləri yaradır:
“Enerji içkiləri qanunvericiliyə əsasən 18 yaşına çatmayan şəxslərə satılmamalıdır. Bu, onların inkişafda olan orqanizmə zərər vura biləcəyinə dair elmi ehtimallarla bağlıdır. Lakin təəssüf ki, bu qadağa hər zaman tətbiq olunmur. Məktəblərin, universitetlərin yaxınlığında və ya böyük marketlərdə bu içkilərin satışı zamanı çox zaman alıcının yaşına diqqət edilmir. Hər kəs rahatlıqla bu məhsulları əldə edə bilir.”
Ekspertin sözlərinə görə, enerji içkilərinin zərəri əsasən onların tərkibi ilə bağlıdır:
“Bu içkilərin tərkibində sağlamlıq üçün təhlükəli olan kimyəvi maddələr var. Onlar orqanizmin normal funksiyalarını poza və müxtəlif xəstəliklərə səbəb ola bilər. Xüsusilə yüksək miqdarda kafein, süni maddələr və şəkər bu problemləri artırır. Bəzən istehsalçılar tərkibdə vitamin və mineral olduğunu qeyd edirlər, lakin onlar sintetik mənşəlidir və insan orqanizmi onları düzgün mənimsəyə bilmir".
Məhsəti Hüseynova əlavə edib ki, enerji içkilərində B qrupu vitaminləri geniş istifadə olunur:
"Bu vitaminlər sinir sisteminin fəaliyyətinə kömək etsə də, süni şəkildə və yüksək dozada qəbul edildikdə toksik təsir göstərə bilər. Tərkibdəki şəkərin miqdarı da təhlükə yaradır. Bu cür içkilərin mütəmadi istifadəsi gələcəkdə şəkərli diabetə yol aça bilər. Kafein isə diqqəti artırmaq və yorğunluğu azaltmaq məqsədilə əlavə olunur. Amma normadan artıq qəbul edildikdə yuxusuzluq, narahatlıq, iştahın pozulması və digər fəsadlara səbəb ola bilər”, – deyə ekspert xəbərdarlıq edib.