Səbuhinin 3 övladı kimdə qalacaq?

13:10 - 17 Oktyabr 2025

Səbuhinin 3 övladı kimdə qalacaq?

Ötən gün Azərbaycanda ölkə gündəmini sensasion cinayət hadisəsi baş verib. Belə ki, Tovuz rayonunda 1996-cı il təvəllüdlü həyat yoldaşı Mətanət Hacızadəni öldürməkdə şübhəli bilinən 32 yaşlı Səbuhi Hacızadənin də meyiti tapılıb.

 

Mətanət Hacızadə ilə aralarında yaranan mübahisə zamanı S.Hacızadə qadının boğaz nahiyəsinə kəsici alətlə xəsarət yetirərək onu öldürüb. Hadisədən bir gün əvvəl xaricdən Azərbaycana qayıdan Səbuhi Hacızadə cinayətin motivi barədə sosial şəbəkədə video paylaşaraq açıqlama vermişdi və özünü də öldürəcəyini bildirmişdi.

Qeyd edək ki, cütlüyün üç övladı var. Hazırda 3 azyaşlının taleyinin necə olacağı, onların hansı tərəfin himayəsində qalacağı cəmiyyətdə sual doğuran məsələlərdən biridir.

 Məsələnin aktuallığını nəzərə alan Manset.az bununla bağlı Hüquq üzrə fəlsəfə doktoru, dosent, hüquqşünas Əlövsət Allahverdiyevə suallar ünvanlayıb.


“Burada əsas nüans uşaqların yaş faktorudur. Məhkəmə zamanı uşaqların yaşı nəzərə alınaraq onların fikirləri də soruşulur. Cinayət sırasında həm ana, həm də ata dünyasını dəyişdiyi təqdirdə bütün hallarda uşaqların mənafeyi nəzərə alınır. Bu da uşaqların daha çox kimlə qalmaq istəyidir”.

Hüquqşünas qeyd edib ki, adətən 7 yaşından yuxarı olan azyaşlılardan onların bu məsələdə şəxsi fikri soruşulur və məhkəmədə də həm bunun, həm də cinayətin detallarını nəzərə alaraq uyğun qərar verir:

“Müvafiq məcəlləyə dəyişilik olunmamışdan əvvəl ata və ana dünyasını dəyişdiyi təqdirdə azyaşlıların qalacaqları ailə ilə bağlı fikrinin soruşulması üçün nəzərdə tutulmuş yaş 10 yaş idi. Müəyyən dəyişikliklərdən sonra bu yaş həddi 7-ə endirildi. Hazırda 7 yaşdan yuxarı uşaqlardan şəxsi fikir və istəkləri soruşulur. Cinayət faktoru olan məsələlərdə 7 yaşına qədər uşaqlarla bağlı bu qərarı vermək məhkəmə üçün də çətindir. Çünki artıq nə ata, nə də ana var. Burada artıq uşaqların həyatı üçün təhlükə yaratmayacaq tərəf seçilir. Düşünürəm ki, bu hadisədə azyaşlılar ananın ana-atası tərəfdə qala bilər, çünki cinayət faktoru da var və cinayət ata tərəfindən törədilib. Bu nüans da məsələni mürəkkəbləşdirir”.

Əlövsət Allahverdiyev həmçinin məhkənin qərarı prosesində valideynlərin vəziyyəti, uşaqları saxlaya bilmə potensialı, uşaqların gələcəklərinə veriləcək zəmanət və s. nüansların da mütləq şəkildə nəzərə alındığını vurğulayıb.

 

Fidan Vəlisoy 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az