Bu gün Xəzər dənizi, təəssüf ki, bir sıra ciddi ekoloji problemlərlə üz-üzədir. Ən aktual problemlərdən biri suyunun səviyyəsinin sürətlə azalması, yəni dayazlaşmasıdır. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev xarici mətbuata müsahibə verərkən deyib. Xəzər dənizində su səviyyəsinin azalması Azərbaycan üçün iqtisadi baxımdan hansı riskləri yaradır?
İqtisadçı-ekspert Xalid Kərimli
Manset.az-a açıqlamasında problemin bütün Xəzəryanı ölkələrlə yanaşı Azərbaycana da mümkün təsirindən danışıb.
“Xəzər dənizinin suyunun azalmasının ciddi problemləri ola bilər. Bunun həm iqtisadi, həm də ekoloji ziyanları var. Ekoloji ziyanı budur ki, balıq ehtiyatları ilə bağlı problemlər yaranır, dəniz flora və faunasına ciddi ziyan dəyir. İqtisadi zərərlərdən biri isə budur ki, Xəzər sahilində Azərbaycanın bir sıra limanları var və bu limanlar artıq bir müddət sonra yararsız hala gələ bilər. Xəzərin suyu azaldıqca sözügedən limanlara gəmilərin yan alması çətinləşir. Bunu bərpa etmək üçün əlavə xərclər çəkilir ki, bu da iqtisadi baxımdan ciddi neqativ təsirdir”.
Ekspert qeyd edib ki, Xəzər dənizinin səviyyəsinin azalması neft-qaz infrastrukturuna da təsirsiz ötüşməyəcək:
“Xəzərdə inşa olunmuş neft-qaz buruqları, bununla bağlı bütün infrastruktur dənizin mövcud səviyyəsinə uyğun inşa olunub. Ən böyük zərərlərdən biri də turizm sektoru üçün ola bilər. Dəniz sahilində investisiya qoyub məkan işlədən şəxslər üçün dənizin geri çəkilməsi ciddi baş ağrısına çevrilə bilər. Bundan başqa istilik elektrik stansiyalarının, eləcə də bir çox sənaye obyektlərində qurğuların soyudulması üçün dənizdən gələn sudan istifadə olunur. Dəniz suyu geri çəkildikcə nasosları daha dərində yerləşdirməyə ehtiyac yaranır və bu da əlavə vəsait tələb edir”.
Xalid Kərimli Xəzər suyunun səviyyəsinin azalmasını Azərbaycanda demək olar ki, bütün sahələrə təsir edəcək böyük risk adlandırıb.
Fidan Vəlisoy