Xırdalan şəhəri, Şıxəli Qurbanov küçəsi 38 ünvanında yaşayan sakinlər binanın rəhbərliyindən şikayətçidirlər.
Manset.az xəbər verir ki, sözügedən ünvanda yaşayan sakinlər yaşadıqları binanın zirzəmisinin "Furqanoğlu" MMC-nin rəhbəri Araz Musayev tərəfindən mənzil olaraq satışa çıxarıldığını iddia edirlər. Sakinlərin sözlərinə görə, sözügedən ərazi onlara göstərilən sənəddə zirzəmi kimi qeyd edilib. Məhz bu səbəbdən də mənzil kimi satılması qeyri-qanunidir. Eyni zamanda, həmin ərazinin istifadəyə verilməsi onların mənzillərinin təhlükəsizliyinə də böyük risk yaradır.
Sakinlərin digər bir problemi isə mənzillərinə çıxarış ala bilməmələridir. Onlara tezliklə çıxarış verilməsi vəd olunsa da, hələ ki bu vəd reallaşmayıb.
Məsələ ilə bağlı Araz Musayevin ofisinə müraciət edilib, lakin ofisdə heç kəs olmayıb. Binanın komendantı ərazidə olsa da, suallara cavab vermədən ərazidən uzaqlaşıb. Qeyri-qanuni əməllə bağlı adı çəkilən Araz Musayevə telefon zəngi vasitəsilə ünvanlanan suallar da cavabsız qalıb.
Qeyd edək ki, məsələdə adı hallanan"Furqanoğlu" MMC-nin rəhbəri Araz Musayev Fövqəladə Hallar Nazirliyinin keçmiş əməkdaşıdır. O, bir neçə ay əvvəl Türkiyədə keçirilən yarış zamanı bıçaqlanmışdı.
Manşet.az