Son dövrlərdə Azərbaycanda da məşhurlaşan onlayn alış-veriş platformalarından biri də "Temu"dur. Bir çox hallarda bu platformadan sifariş olunan məhsullar aşağı keyfiyyəti, fərqli ölçü və s. problemlərlə alıcıları məyus edir. Platforma istifadəyə verildiyi ilk dövrlərdə qiymətlər aşağı olsa da, hazırda artıq digər alış-veriş platformaları ilə eyni səviyyəyə gəlib, amma keyfiyyət yenə də zəifdir. Bundan əlavə Temuda demək olar ki, məhsullarla bağlı mənfi rəy tapmaq mümkün deyil, yalnız qeyri-real görünən müsbət rəylər mövcuddur ki, bu da alıcıların yanlış yönləndirilməsinə gətirib çıxarır.
Bəs əvvəlcə qiyməti ucuz qoyub sonradan bahalaşdıraraq keyfiyyəti eyni saxlamaq nə dərəcədə düzgündür?
Hüquqşünas, iqtisadçı-ekspert Əkrəm Həsənov Manset.az-a açıqlamasında bu sualı cavablandırıb.

“Prinsipcə, hər hansısa məhsulun qiymətinin əvvəlcə ucuz olmasının, sonra isə artırılması ilə bağı biz heç nə edə bilmərik, çünki bu sərbəst şəkildə formalaşır və bir növ marketinq strategiyasıdır. Əvvəlcə yerli bazarda müştəri cəlb etmək üçün qiymətlər aşağı səviyyədə qoyulur. Lakin müştəri sayı artdıqca qiymət də artırılır. Əsas məsələ odur ki, mal həqiqətən də orada yazılmış qiymətə verilsin”.
Hüquqşünas qeyd edib ki, keyfiyyətsiz məhsul, eləcə də digər problemlərlə üzləşən alıcılar hüquqlarının bərpa olunması üçün “Temu” platforması ilə bağlı məhkəməyə müraciət edə bilərlər.
“Digər əsas məsələ də məhsulun keyfiyyətinin dəyişməsidir. Keyfiyyət anlayışı isə insandan-insana dəyişir. Təbii ki, malın keyfiyyətinə uyğun qiymət təyinatı aparılmalıdır. Ödədikləri pulun qarşılığında keyfiyyətdə məhsul əldə edə bilməyən alıcılar məhkəməyə müraciət edərək öz haqqlarını tələb edə bilərlər. Bununla da özlərinə dəymiş ziyanı təmin edə bilərlər. Burada vacib nüanslardan biri də sözügedən alış-veriş platformasının xaricdə yerləşməsidir. Məhkəmə prosesində bu da rol oynayır. Yəqin ki, həmin platformanın Azərbaycanda da nümayəndəliyi mövcuddur və bu cür problemlər zamanı məsuliyyət daşıyır”.
Fidan Vəlisoy