Son günlər bir çox müğənnilər sosial şəbəkələrdə dövlət tədbirlərinə dəvət edilmədiklərini bildirib müzakirələr yaradıb. Həmin sənətçilər arasında müğənni Xatirə İslam da yer alıb. O, Xankəndidə doğulan ifaçı olmasına baxmayaraq, rəsmi tədbirlərdə iştirak etmədiyini söyləyib.
Manset.az xəbər verir ki, Xatirə İslamın bu fikirləri Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızının sərt reaksiyasına səbəb olub. O, sosial şəbəkədə paylaşdığı açıqlamada müğənninin iddialarını təkzib edib:
“Müğənni Xatirə İslam yalanları ilə görəsən kimi qandırmaq istəyir? Verdiyi açıqlamada tək bir gerçək onun Xankəndidə doğulmasıdır. Yalanı onun Xankəndidə keçirilən tədbirlərə dəvət olunmaması haqqında dedikləridir".
Qurum rəsmisi bildirib ki, Xankəndidə keçirilən bayram və digər tədbirlərə Xatirə İslam dəfələrlə dəvət edilib, lakin o özü müxtəlif səbəblər göstərərək bu dəvətləri qəbul etməyib:
“1 il ərzində ( Xankəndində işlədiyim müddət) Xankəndidə keçirilən bayram tədbirlərinə bu müğənni qatılmadı. Dəfələrlə burda keçirilən bayram konsertlərinə Xatirə İslam dəvət olunsa da müxtəlif səbəblər gətirib iştirakdan imtina edib. Buna mən şahidəm. Mədəniyyət və dövlət əhəmiyyətli tədbirlərə gəlmək istəməyən Xatirə İslam, siz niyə doğru olmayan məlumatlar verirsiniz? Hamıdan birinci siz bu torpağa gəlib, konsert verməliydiniz. Amma sizi burda görən olmadı. ”
Afət Telmanqızı qeyd edib ki, sənətçinin istənilən tədbirdə iştirak edib-etməməsi onun şəxsi qərarıdır, lakin bugünkü iddiaları həqiqətə uyğun deyil:
"Siz də Xankəndidəki konsertlərdə iştirak etməmək qərarını özünüz vermisiniz. İnanın ki, sizdən heç bir gözlənti də yoxdur. İnsan torpağını sevəndə torpağı üçün əlindən nə gəlirsə edir. Sizin də bu torpağa verəcəyiniz tək şey burda oxuyacağınız mahnı ola bilərdi. Onu da özünüz çox görmüsünüz doğulduğunuz yerə. Heç olmasa Xankəndinin adını yalanlarınızla çirkləndirməyin”.