Milli Qəhrəman Salatın Əsgərovanın oğlu, tanınmış jurnalist Ceyhun Əsgərov bərpa mərkəzi açıb.
Ceyhun Əsgərov Manset.az-a açıqlamasında bu qərarının səbəbindən danışıb:
“Mən ixtisasca həkiməm. Azərbaycanda çox təəssüflər olsun ki, asılılıq xəstəliyi xəstəlik kimi qəbul olunmur. Ümumiyyətlə, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən bu xəstəlik ölümcül xəstəliklər siyahısına daxil edilib. Amma Azərbaycanda hələ də bu asılılıqlar - narkomaniya, alkoqolizm, iqramaniya və s. 70-ə yaxın asılılıq növündən heç biri ölümcül xəstəlik hesab olunmur. Bəziləri sadəcə yüngül asılılıq kimi qəbul olunur, əslində, bunlar ciddi xəstəliklərdir. Düşünürəm ki, bu xəstəliklər Azərbaycanda da yetərincə ciddi xəstəliklər kimi qəbul olunaraq həlli yolu istiqamətində də ciddi addımlar atılmalıdır”.
Ceyhun Əsgərov Azərbaycanda fəaliyyət göstərən reabilitasiya mərkəzlərinin bir sıra problemlərinin olduğunu da vurğulayıb: “Ümumiyyətlə, ölkədə reabilitasiya mərkəzləri ilə bağlı mühüm problemlər var. Bu səbəbdən bərpa mərkəzini yaratmaqda əsas məqsədim bu sahədə cəmiyyətə fayda verməkdir”.
Jurnalist həmçinin ənənəvi reabilitasiya mərkəzləri cəmiyyət üçün kifayət qədər qapalı bir struktur olduğunu da qeyd edib:
“Burada valideynlərlə görüş, mətbuatın bu mərkəzlərə daxil olması və s. proseslər çox nadir hallarda baş verir. Hansısa asılının 6 ay reabilitasiyadan sonra azad həyata buraxılır. Bu şəxslər yüksək hallarda yenidən keçmiş həyatına qayıdır. Bizim müəyyən fikirlərimiz var, məsələn, valideynlərlə görüşləri daha əlçatan etmək, mərkəzin mətbuat nümayəndələrinə daha açıq olması, müalicə ilə paralel asılı şəxslərin hansısa peşələrə yiyələnməsini təmin etmək və s. Bu həmin asılı insanların bərpadan sonra özlərinə yeni həyat qura bilmələrində də böyük rol oynayacaq. Hazırda bütün bu fərqlilikləri ərsəyə gətirmək üçün komandamızla bu istiqamətdə işlər aparırıq”, - deyə o vurğulayıb.
Manşet.az