Azərbaycanın
müasir şəhərsalma və quruculuq tarixinə nəzər salarkən aydın görünür ki, bu
inkişaf xətti təsadüfi proses deyil, düşünülmüş dövlət strategiyasının nəticəsidir.
Bu strategiyanın müəllifi isə heç şübhəsiz ki, Ulu Öndər Heydər Əliyev olub. Heydər Əliyevin dövlətçilik
fəlsəfəsində şəhərsalma yalnız memarlıq və tikinti məsələsi deyildi. O, şəhərlərin
inkişafını dövlətin iqtisadi qüdrətinin, milli kimliyinin, sosial rifahının və
siyasi sabitliyinin əsas göstəricilərindən biri hesab edirdi. Məhz buna görə də
onun rəhbərliyi dövründə həyata keçirilən quruculuq siyasəti Azərbaycanın gələcək inkişaf modelinin əsasını
formalaşdırdı.
1969-cu ildə Azərbaycana rəhbərliyə başlayan Heydər Əliyev faktiki olaraq tamamilə yeni inkişaf mərhələsinin əsasını qoydu. Həmin dövrdə Azərbaycan keçmiş SSRİ məkanında iqtisadi və sənaye baxımından geridə qalan respublikalardan biri hesab olunurdu. Lakin qısa müddət ərzində həyata keçirilən sistemli siyasət ölkənin simasını dəyişməyə başladı. Bu, vətəndaşların da simasının, çöhrəsinin, əhval-ruhiyyəsinin kökündən dəyişməsinə səbəb oldu. Çünki, Bakı böyük sənaye və urbanizasiya mərkəzinə çevrilir, paralel olaraq regionların inkişafı da dövlət siyasətinin mühüm istiqaməti kimi müəyyənləşdirilirdi. Ulu Öndərin şəhərsalma fəlsəfəsinin əsas xüsusiyyətlərindən biri inkişafın yalnız paytaxtla məhdudlaşdırılmaması idi. O yaxşı anlayırdı ki, güclü və gələcəkdə isə müstəqil dövlət, yalnız balanslı regional inkişaf üzərində qurula bilər. Buna görə də Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan və digər şəhərlərdə iri sənaye müəssisələri yaradılır, yaşayış massivləri salınır, sosial infrastruktur formalaşdırılırdı. Yeni yolların çəkilməsi, elektrik və kommunal təsərrüfatın genişləndirilməsi, məktəb, xəstəxana və mədəniyyət ocaqlarının tikilməsi həmin siyasətin mühüm elementləri idi.

Bakının
memarlıq simasında baş verən dəyişikliklər və paytaxtın əsil tikinti meydanına
çevrilməsi isə xüsusilə diqqət çəkirdi. Yeni mikrorayonların salınması,
metropolitenin genişləndirilməsi, prospektlərin və parkların yaradılması şəhərin
gələcək inkişaf konsepsiyasının əsasını təşkil edirdi. Heydər Əliyev şəhəri
yalnız inzibati mərkəz kimi deyil, insanların rahat yaşadığı, işlədiyi və
sosial rifahını hiss etdiyi müasir urbanistik məkan kimi görürdü. Bu yanaşma o
dövr üçün kifayət qədər müasir və strateji baxış hesab olunurdu.
Milli lider Sovet dövründə iri müəsissələrin, o zamanın müasir texnologiyalı istehsal sahələrinin Azərbaycanda yaradılması üçün də böyük səylər göstərir, hətta yeri gələndə mübahisə edir və israrla istəyinə nail ola bilirdi. Elə bir vaxtlar nəinki keçmiş SSRİ, həm də dünyada məşhur olan Bakı Məişət Kondisionerləri Zavodunun Bakıda inşaası fikirlərimizə gözəl nümunə ola bilər. Tarixi faktlardan bilirik ki, bu zavod əvvəlcə Ukrayna SSR-də, konkret olaraq isə Zaparojye şəhərində tikilməli idi. Amma Heydər Əliyevin siyasi nüfuzu və şəxsi müdaxiləsi nəticəsində layihə Bakıya keçirildi. Təsəvvür edin ki, zavod Yaponiyanın Toshiba şirkətinin lisenziyası ilə quruldu. SSRİ üçün bu, çox qeyri-adi hadisə idi, çünki sovet sənayesində Qərb və Yaponiya texnologiyasının alınması və Azərbaycan kimi ucqar, qeyri-slavyan respublikasına gətirilməsi olduqca nadir hadisə idi. Sonrakı illərdə “BK” markalı Bakı kondisionerləri SSRİ-nin müxtəlif bölgələrinə və hətta xarici ölkələrə də uğurla ixrac olunurdu. SSRİ-də bu sahədə ən iri müəssisələrdən birinin Azərbaycanda reallaşdırılması təbii ki, Heydər Əliyevin şəxsi nüfuzu, inadkarlığı və qətiyyəti sayəsində mümkün olmuşdu.

1982-ci ildə Heydər Əliyevin SSRİ rəhbərliyinə yüksəlməsi onun idarəçilik fəlsəfəsinin daha geniş miqyasda qəbul olunduğunu göstərirdi. Bu mərhələdə də o, SSRİ miqyasında daha böyük sənaye və infrastruktur layihələrinin həyata keçirilməsində mühüm rol oynadı. Məsələn SSRİ-nin ən böyük infrastruktur layihələrindən sayılan Baykal Amur Magistralı Sibiri və Uzaq Şərqi birləşdirən alternativ strateji dəmir yolu xətti idi. Mürəkkəb relyefə və iqlimə görə reallaşdırılması problemə çevrilən bu meqalayihə məhz işlərə Heydər Əliyevin rəhbərliyindən sonra uğurla başa çatdırıldı. Milli lider eləcə də SSRİ-də böyük aqrar inkişaf proqramları çərçivəsində kənd təsərrüfatı və sosial infrastruktur layihələrinə, həmçinin SSRİ maşınqayırma və sənaye modernizasiya proqramlarına da kuratorluq edib. Əslində isə həmin illər Heydər Əliyevin strateji dövlət idarəçiliyi təcrübəsinin daha da zənginləşdiyi dövr kimi xarakterizə olunur. Sonradan müstəqil Azərbaycanın inkişaf modelində istifadə edilən bir çox yanaşmalar məhz həmin dövrdə formalaşmışdı.

1993-cü ildə Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı isə Azərbaycanın taleyində dönüş nöqtəsinə çevrildi. Ölkə dərin siyasi böhran, iqtisadi tənəzzül və vətəndaş qarşıdurması təhlükəsi ilə üz-üzə idi. Kərpic-kərpic, daş-daş tikib-qurduğu şəhərlər, zavodlar, təhsil müəssisələri, parklar, bir sözlə Azərbaycanın özü məhvolma mərhələsinə qədəm qoyurdu. Amma milli lider belə bir mürəkkəb şəraitdə sanki zühur edərək dövlət quruculuğu ilə paralel şəkildə geniş bərpa və inkişaf prosesinə də başladı. O, çox yaxşı anlayırdı ki, siyasi sabitlik olmadan iqtisadi inkişaf, iqtisadi inkişaf olmadan isə geniş quruculuq mümkün deyil. Buna görə də onun həyata keçirdiyi siyasət ilk növbədə dövlət institutlarının möhkəmləndirilməsinə və uzunmüddətli inkişaf strategiyasının yaradılmasına yönəlmişdi.
Məhz həmin dövrdə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın gələcək iqtisadi inkişafının maliyyə bazasını formalaşdırdı.

Uğurlu neft strategiyasından əldə olunan gəlirlər sonrakı illərdə ölkənin infrastruktur və şəhərsalma layihələrinin əsas resursuna çevrildi. Bakıda yeni inzibati binalar, yollar, körpülər və sosial obyektlər tikilir, regionlarda qazlaşdırma və enerji layihələri həyata keçirilirdi. Bu siyasət çox keçmədən Azərbaycanı postsovet məkanında sabit və inkişaf edən dövlətə çevirdi.
Milli liderin şəhərsalma fəlsəfəsində milli memarlıq ənənələri
Heydər Əliyevin şəhərsalma fəlsəfəsinin mühüm tərkib hissələrindən birini heç şübhəszi ki, milli memarlıq ənənələrinin qorunması və təbliği təşkil edirdi. O, müasirliklə milli kimliyin vəhdət təşkil etməsini vacib sayırdı. Tarixi abidələrin bərpası, milli-mədəni irsin qorunması və yeni memarlıq layihələrində milli elementlərin saxlanılması bu siyasətin əsas istiqamətlərindən birinə çevrilmişdi. Çünki onun şəhərsalma siyasəti yalnız urbanistik inkişaf modeli deyil, həm də milli-mədəni kimliyin qorunmasına yönəlmiş strateji yanaşma idi. Onun memarlıq fəlsəfəsinin əsasını müasirliklə milli ənənələrin vəhdəti təşkil edirdi. Bu baxımdan Heydər Əliyev dövründə həyata keçirilən şəhərsalma siyasəti Azərbaycan memarlıq irsinin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıyırdı.

Heydər
Əliyev memarlığı xalqın tarixi yaddaşının və milli düşüncə tərzinin ifadə vasitəsi
kimi qiymətləndirirdi. O hesab edirdi ki, şəhərlərin memarlıq siması həmin
xalqın mədəni səviyyəsini, estetik zövqünü və dövlətçilik ənənələrini əks
etdirməlidir. Buna görə də yeni tikinti layihələrində milli memarlıq elementlərinin
qorunmasına xüsusi diqqət yetirilirdi. Azərbaycan memarlığına xas olan daş işləmələri,
tağlı konstruksiyalar, ornamental naxışlar və Şərq memarlıq üslubunun elementləri
müasir tikililərlə uyğunlaşdırılaraq tətbiq olunurdu.
Bu siyasətin mühüm istiqamətlərindən biri tarixi-memarlıq abidələrinin qorunması idi. Xüsusilə İçərişəhərin tarixi irs kimi saxlanılması və bərpası milli yaddaşın qorunması baxımından strateji əhəmiyyət daşıyırdı. Tarixi abidələrin bərpası yalnız mədəni tədbir deyil, həm də milli özünüdərkin möhkəmləndirilməsi vasitəsi hesab edilirdi. Bu yanaşma nəticəsində qədim şəhər mühiti ilə müasir urbanizasiya arasında tarazlıq yaratmağa çalışılırdı. Bakının inkişaf konsepsiyasında da milli memarlıq fəlsəfəsi aydın şəkildə hiss olunurdu. Paytaxtın yalnız iqtisadi və sənaye mərkəzi kimi deyil, həm də Azərbaycanın mədəni simasını təcəssüm etdirən şəhər kimi formalaşdırılması əsas prioritetlərdən idi. Meydanların, parkların, inzibati binaların və ictimai məkanların layihələndirilməsində şəhərin tarixi ruhunun qorunmasına diqqət göstərilirdi.

Eyni zamanda Heydər Əliyevin şəhərsalma siyasətində regional memarlıq xüsusiyyətləri də nəzərə alınırdı. Azərbaycanın müxtəlif bölgələrinin iqlim, coğrafiya və tarixi ənənələrinə uyğun memarlıq elementlərinin saxlanılması milli müxtəlifliyin qorunmasına xidmət edirdi. Bu isə vahid milli memarlıq konsepsiyası daxilində regional özünəməxsusluğun yaşadılmasına imkan yaradırdı. Bütün deyilənləri ümumiləşdirsək, tam əminliklə iddia edə bilərik ki, Heydər Əliyevin şəhərsalma fəlsəfəsi milli memarlıq ənənələrinin qorunması ilə müasir şəhər inkişafını birləşdirən kompleks konsepsiya idi. Bu yanaşma Azərbaycanın milli memarlıq simasının formalaşmasına mühüm təsir göstərməklə yanaşı müasir dövrdə milli-mədəni identikliyin şəhər mühitində yaşadılmasına da ciddi zəmin yaratdı.
QAFQAZ CƏNUBLU