Ali təhsil müəssisələrində yeni tədris ilinə "start" verilməsinə az qalır. Bu münasibətlə bölgələrdən Bakıya tələbə axını artıq yavaş-yavaş başlayır. Paytaxta gələn tələbələrin əsas qayğılarından biri də münasib qiymətə kirayə mənzil tapmaqdır. Tələbə sayının artması kirayə bazarında tələbin yüksəlməsinə və bəzi ərazilərdə qiymətlərin dəyişməsinə səbəb ola bilər.
Hazırda Bakının kirayə mənzil bazarında vəziyyət necədir? Tələbələrin daha çox hansı ərazilərə üstünlük verməsi tövsiyə olunur?
Bu sualları iqtisadçı, daşınmaz əmlak məsələləri üzrə ekspert Asif İbrahimov Manset.az-a açıqlamasında cavablandırıb. O bildirib ki, yeni tədris ilinin başlaması ilə bağlı Bakıda kirayə mənzil bazarında tələb hər il kəskin artır. Xüsusilə də, bölgələrdən paytaxta gələn tələbələrin eyni vaxtda mənzil axtarması avqustun sonu, təxminən sentyabr ayının əvvəllərinə təsadüf edir. Bu da bazarda hər il ciddi təzyiq yaradır:

“Burada əsas problem, ümumiyyətlə, mənzil sayının azlığı ilə bağlı deyil. Azərbaycanda, Bakı şəhərində mənzil yetərincə var. Tələbənin sadəcə ödəmə qabiliyyətinə uyğun, universitetə və metroya yaxın, əşyalı və eyni zamanda normal vəziyyətdə mənzil təklifinin məhdud olması məsələsidir. Tələbə üçün bir çox hallarda 400-600 manatlıq seqmentdə seçimlər azaldıqda, qiymət artımı riski də yüksəlir. Adətən tələbələr iki nəfər, üç nəfər birləşirlər, kirayə haqqını ödəməyə başlayırlar.
Hazırda tələbələr üçün Yasamal, İnşaatçılar, Binəqədi, Nizami, Qara Qarayev, Nərimanov və Nəsimi metrosu əsas istiqamətlər hesab olunur. Nərimanov və Nəsimi daha əlverişli lokasiyaya malik olsa da, qiymətlər, bildiyimiz kimi, orada yüksəkdir. Qiymət-nəqliyyat balansına görə də Binəqədi, Nizami və Qara Qarayev daha münasib alternativlər hesab oluna bilər. Ümumiyyətlə, Abşeron və Xırdalan istiqamətində kirayə mənzillər daha ucuzdur. Amma ucuz olsa da, burada tələbə yalnız mənzil haqqını yox, eyni zamanda nəqliyyat xərclərini və hər gün yolda itirəcəyi vaxtı da hesablamalıdır. Belə məsələlər olduqda, bildiyiniz kimi, ötən ildən qüvvəyə minmiş yeni vergi qanunvericiliyində bu kirayə haqlarının ödənilməsi ilə bağlı sanksiyaların tətbiqi icarəyə verənlərdə müəyyən risklər yaratmağa başladı. Bu riskləri də sığortalamaq üçün artıq qeyri-rəsmi deyil, əvvəllər olduğu kimi, rəsmi müqavilələr əsasında icarəyə verməyə başladılar”.
Ekspert qeyd edib ki, digər məsələ isə mənzil qiymətlərinə vergi və fiskal yükün də təsiridir. Bu da qiymətlərin artmasına səbəb olub. Burada yük dolayı yolla kirayə götürənə ötürülməyə başladı. Mənzil sahibləri əmlakla bağlı vergi və digər xərclərin artmasını kompensasiya etmək üçün kirayə haqqını yüksəltməyə çalışırlar:
“Mənzil bazarında müəyyən qiymət bahalaşması oldu. Təbii ki, bu artım avtomatik olaraq kirayəçiyə tam ötürülmür. Sadəcə burada qiymətdə dəyişiklik ola bilir. Burada tələb və təklif əsas rol oynayır. Lakin Bakı kimi tələbin yüksək, münasib qiymətli mənzil təklifinin məhdud olduğu bazarda vergi və digər xərclərin bir qisminin son nəticədə alıcının və kirayəçinin üzərinə keçirilməsi ehtimalı hər zaman kifayət qədər yüksək olub. Ona görə də mənzil bazarında əsas məsələ yalnız vergi dərəcələrinə baxmaq deyil. Mənzilin son qiymətində formalaşan ümumi fiskal yükü azaltmaq üçün tədbirlər həyata keçirilməlidir. Düşünürəm ki, universitetlərin özünün yataqxanalarının olmaması da bu məsələlərə ciddi təsirini göstərməyə başladı. Universitetlərin özünün yataqxanası olmadığı halda tələbə məcbur qalır ki, alternativ variantlar axtarsın. Universitetə yaxın ərazilərdə mənzillər çox bahadır və ona görə də əl vermir. Həmin ərazilərdə alternativ variantlar axtarmaq vacibdir”.
A.İbrahimov düşünür ki, qarşıdakı həftələrdə Bakıda əsas problem mənzil qıtlığından daha çox münasib qiymətli mənzil qıtlığı olacaq. Tələbələr üçün ən düzgün strategiya son həftəni gözləməmək, universitetə çıxışı olan metro xətlərinə yaxın ərazilərdə iki-üç nəfərlə birgə mənzil imkanlarını nəzərdən keçirməkdir. Eyni zamanda, kirayə ilə yanaşı, nəqliyyat xərcləri də hesablanmalıdır:
“Dövlət səviyyəsində də məqsəd yalnız çox mənzil tikmək olmamalıdır. Tikintinin və mənzilin üzərində ümumi fiskal yük optimallaşdırılmalıdır, yeni təkliflər stimullaşdırılmalıdır və tələbə yataqxanalarını artırmaq və yaxud da mövcud olan yataqxanaların inventarlaşdırılması nəzərdən keçirilməlidir.
Bir çox yataqxanalar SSRİ dövründən mövcud idi, amma orada qaçqın və məcburi köçkünlər məskunlaşmışdı. Artıq orada məskunlaşan məcburi köçkünlər işğaldan azad olunan ərazilərimizə qayıdır. Bunun fonunda tələbələrin vəziyyəti də nəzərə alına bilər. Bunun sayəsində tələbə yaşayış yeri problemi ilə özünü yormaqdansa, necə təhsil alacağı, ölkəyə necə fayda verəcəyi, necə yaxşı mütəxəssis olacağı ilə bağlı planları ilə maraqlana bilər. Buna görə tələbə yataqxanalarının yenidən bərpası mütləqdir”.
Fidan Vəlisoy