İsmayıllıda fəaliyyət göstərən “Qızıl Farel” restoranından ciddi şikayət var.
Manset.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı Ülviyyə İskəndərova şikayətində bildirib. Şikayətçinin sözlərinə görə, iyulun 31-də “National Group” şirkətinin təşkil etdiyi Şəki turu çərçivəsində 16 nəfərlik qrup İsmayıllı rayonunun Diyallı kəndində yerləşən restorana gedib. Sifariş edilən yeməklər arasında ət və toyuq langet, kənd sayağı kartof, manqal salatı və qızardılmış çupra olub.
İddiaya görə, təqdim olunan manqal salatından toyuq sümüyü çıxıb, kartofun isə təzə hazırlanmadığı, üzərində əvvəlcədən qalmış ketçup və mayonez olduğu məlum olub. Qızardılmış çupranın da kəskin iy verdiyi bildirilib.
Şikayətçi restoran əməkdaşına etiraz etdiyi zaman “Biz sizi bura dəvət etməmişdik, gəlməzdiniz” cavabını aldıqlarını iddia edib.
Bundan sonra mübahisənin daha da böyüdüyü, restoran ərazisində olan şəxslərdən birinin şikayətçi qadına yaxınlaşaraq ona qarşı təhqiramiz ifadələr işlətdiyi və hücum etməyə çalışdığı bildirilir. Şikayətçinin sözlərinə görə, hadisə zamanı telefon yanında olmadığı üçün həmin anı lentə ala bilməyib.
O, məsələ ilə bağlı lazımi qurumlara müraciət edib və araşdırmanın sonuna qədər gedəcəyini bildirib.
Qeyd edək ki, səsləndirilən iddialarla bağlı restoran və digər tərəflərin mövqeyi məlum deyil. Qarşı tərəfin açıqlamasını dərc etməyə hazırıq.
Manşet.az