Məktəb həyatı ilə ilk dəfə tanış olan uşaqlar üçün ilk zəng sadəcə yeni dərs ilinin başlanğıcı deyil, həm də tamamilə fərqli bir mühitə atılan ilk addımdır. Evdən ayrılmaq, valideynlərdən uzaq qalmaq, tanımadığı insanlarla ünsiyyət qurmaq və yeni qaydalara uyğunlaşmaq bir çox uşaq üçün heç də asan olmur. İlk günlərdə ağlama, valideyndən ayrılmaq istəməmə, qorxu və həyəcan kimi reaksiyalar tez-tez müşahidə edilir. Bəziləri məktəbin qapısından içəri rahatlıqla daxil olduğu halda, bəziləri valideyninin əlindən möhkəm yapışır, hətta sinfə girməkdən imtina edir. Məhz belə məqamlarda böyüklərin davranışı uşağın məktəblə bağlı ilk təəssüratının formalaşmasında mühüm rol oynayır.
Bəs ilk məktəb günlərində valideyn və müəllim uşağa necə yanaşmalıdır? Hansı davranışlar uşağın qorxusunu artıra, hansılar isə bu keçidi onun üçün daha asan edə bilər?
Klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov Manset.az-a mövzu ilə bağlı açıqlamasında bildirib ki, uşağın məktəbə adaptasiya prosesində ən vacib məsələ ona təzyiq göstərməmək və qorxusunu kiçiltməməkdir. Valideyn uşağa məktəbi cəza və məcburiyyət yeri kimi deyil, yeni biliklər, dostlar və təcrübələr qazanacağı bir mühit kimi təqdim etməlidir:

“Uşağın məktəbə getməsi evdən ayrılması demək deyil. Ona izah edilməlidir ki, müəyyən müddətdən sonra dərs bitəcək və valideyni yenidən onun yanında olacaq. İlk günlərdə ağlamaq, valideyndən ayrılmaq istəməmək və həyəcan keçirmək çox vaxt normal adaptasiya reaksiyasıdır. Burada əsas məsələ böyüklərin bu reaksiyaya necə cavab verməsidir. Uşağı danlamaq, qorxutmaq, utandırmaq, “ağlama”, “böyük uşaqsan” kimi ifadələrlə hisslərini basdırmağa məcbur etmək olmaz. Bu yanaşmalar uşağın məktəbi təhlükə və təzyiq məkanı kimi qəbul etməsinə səbəb ola bilər. Adaptasiya müəyyən müddət ərzində baş verməlidir”.
Klinik psixoloq qeyd edib ki, uşaqda davamlı qorxu, güclü təşviş, aqressiya, məktəbə getməkdən ciddi imtina və ya digər davranış dəyişiklikləri müşahidə olunursa, məsələni sadəcə “uşaq öyrəşəcək” deyə düşünmək olmaz:
“Belə hallarda məktəb psixoloqu və pedaqoqla birlikdə səbəblər araşdırılmalı, ehtiyac olduqda psixi sağlamlıq mütəxəssisinə müraciət edilməlidir. Uşağın məktəbə ilk addımı onun üçün travma deyil, təhlükəsiz və dəstəkləyici bir təcrübə olmalıdır. Bunun üçün uşağı dəyişdirməyə yox, onun yanında olmağa ehtiyac var”, - deyə R.Nəcəfov fikirlərinə əlavə edib.
Fidan Vəlisoy