“Muzeylərin və tarixi irs məkanlarının yalnız tarixin təqdim olunduğu yerlər deyil, həm də dialoqun aparıldığı və müxtəlif mədəni təcrübələrin bölüşüldüyü məkanlar olmasını təmin etmək ümumi məqsədimizdir”.
Manset.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Museums and Heritage Sites as Spaces for Intercultural Dialogue” adlı sessiyada deyib.
O bildirib ki, insanlara bir-birini dinləmək, fərqli baxışları bölüşmək, stereotipləri aradan qaldırmaq və onları birləşdirən dəyərləri kəşf etmək üçün imkanların yaradılmasında muzeylərin və tarixi irs məkanlarının mühüm rolu var.
Səbinə Hacıyevanın sözlərinə görə, ənənəvi olaraq keçmişi qorumaq və təqdim etmək məsuliyyəti daşıyan müəssisələr kimi qəbul edilən muzeylər getdikcə öyrənmə, iştirak və insanlar arasında qarşılıqlı əlaqə üçün dinamik məkanlara çevrilir. Onlar yalnız mədəni irsi öyrənmək imkanı yaratmır, həm də insanları bir araya gətirir, empatiya hissini gücləndirir və qarşılıqlı anlaşmanı təşviq edirlər.
O qeyd edib ki, Avropa ilə Asiya arasındakı sıx əlaqələr fonunda tarixi İpək Yolunun üzərində yerləşən Azərbaycan əsrlər boyu sivilizasiyaların, mədəniyyətlərin və dini ənənələrin qovuşduğu məkan olub.
Dövlət Xidmətinin rəisi vurğulayıb ki, Azərbaycanda mədəniyyətlərarası dialoq tarixi və mədəni təcrübənin dərin köklərinə əsaslanır. Bu müxtəliflik ölkənin zəngin arxeoloji abidələrində və muzeylərində, eləcə də məscidlərin, kilsələrin, sinaqoqların və mədəni əhəmiyyət daşıyan digər məkanların birgə mövcudluğunda öz əksini tapır.
Fidan Vəlisoy