"Başqasının kədərini nə qədər özününkü hiss etmək olar?".
Manset.az xəbər verir ki, psixiatr və psixoterapevt Fəhmin Haqverdiyev “Zümrüdlə addım-addım” verilişində Zümrüd Rüstəmova ilə birgə bu mövzuda danışıb.
Mütəxəssisin sözlərinə görə, psixiatriyada belə bir anlayış var: hər simptom və sıxıntı insanın o anda edə bildiyi ən yaxşı haldır. Məsələn, bir insan itki qarşısında depressiyaya düşürsə, bu, onun psixikasının tapdığı müvəqqəti “həll” formasıdır. Lakin bu həll effektiv olmaya da bilər. İntihar düşüncəsi də eyni mexanizmin nəticəsidir – insan o qədər ümidsiz olur ki, çıxış yolunu yalnız ölümdə görür.
“Belə hallarda kənar müdaxilə vacibdir,” – deyə Haqverdiyev bildirir.
Psixiatr həmçinin vurğulayıb ki, həddindən artıq fədakarlıq da psixoloji yük yarada bilər:
“Bəziləri hamının problemlərini öz üzərinə götürür, hər kəsə yardım etməyə çalışır. Bu, bir tərəfdən dəyərli davranışdır, amma insanın özünü tükəndirməsinə gətirib çıxarır. Fədakarlığın da bir həddi olmalıdır.”