"20 oktyabr – Zəngilan şəhəri günü bu qədim yurdun azadlığı, yenidən dirçəlişi və dövlətimizin ərazi bütövlüyünün bərpası baxımından xüsusi əhəmiyyət kəsb edir. Zəngilanda həyata keçirilən layihələr Azərbaycanın gələcəyə hesablanmış strateji baxışının və “Böyük Qayıdış” konsepsiyasının real təzahürüdür. Bu, sadəcə bərpa deyil, yeni bir inkişaf modelinin tətbiqidir – müasir texnologiyalara, ekoloji dəyərlərə və sosial rifaha əsaslanan dayanıqlı həyat məkanıdır".
Bu sözləri Manset.az-a açıqlamasında Milli Məclisin deputatı Vasif Qafarov deyib.
O diqqətə çatdırıb ki, Zəngilanın tarixinə qısa ekskurs edərək qeyd edə bilərik ki, XIX əsrin əvvəllərində Qafqazın Rusiya tərəfindən işğalından sonra bölgədə yeni inzibati idarəetmə sistemi yaradıldı:
"Həmin bölgüyə əsasən, Zəngəzur qəzası Gəncə quberniyasına tabe edilərək, tərkibinə Sisyan, Qafan, Mehri, Zəngilan, Qubadlı və Laçın kimi mühüm yaşayış məntəqələri daxil edildi. 1920-ci ilin 28 aprel işğalından sonra bolşeviklərin birbaşa dəstəyi ilə ermənilər tarixi Azərbaycan torpaqlarını özlərinə birləşdirmək üçün fəaliyyətə başladılar. Bolşevik Rusiyasının təkidi ilə Zəngəzur qəzası parçalandı, onun yuxarı hissəsi – Gorus, Sisyan, Qafan rayonları və Meğri rayonunun bir hissəsi Ermənistana verildi, aşağı hissəsi – Laçın, Qubadlı və Zəngilan isə Azərbaycanda saxlanıldı.
Zəngilan rayonu təbiət baxımından
olduqca zəngindir. Ərazidə çöküntü süxurları ilə yanaşı, yura və təbaşir dövrlərinə aid vulkanik
materiallar geniş yayılıb. Burada tikinti daşı, qara mərmər, qızıl yataqları və əhəng daşı kimi
faydalı qazıntılar mövcuddur. Rayon ərazisindən Araz, Oxçuçay, Həkəri və Bəsitçay kimi mühüm çaylar keçir.
Xüsusilə Bəsitçay qoruğu təbiət incisi kimi qorunur, nadir çinar meşələri ilə
seçilir.
Zəngilan həm də milli və dini-tarixi abidələrlə zəngindir. Burada orta əsrlərə aid türbələr, qəbiristanlıqlar, karvansaralar və məscidlər xalqımızın mədəni yaddaşının bir parçasıdır. Coğrafi mövqeyi Zəngilanı regionun nəqliyyat, logistika və enerji layihələri baxımından mühüm strateji nöqtəyə çevirir. Sovet dövründə Zəngilan iqtisadi cəhətdən əsasən kənd təsərrüfatı yönümlü rayon olub. Ərazidə 29 kolxoz-sovxoz, 1 arıçılıq təsərrüfatı, 4 kooperativ və 3 kəndli-fermer təsərrüfatı fəaliyyət göstərib. Həmçinin rayonda 21 dəmiryol müəssisəsi və 6 dəmir yol vağzalı mövcud idi. Bu göstəricilər Zəngilanın nəqliyyat və iqtisadi inkişaf baxımından ölkənin ən mühüm bölgələrindən biri olduğunu sübut edir".
"Rayon
sakinləri 67 gün ərzində düşmənlə amansız döyüşlər apardılar. 25-29 oktyabr 1993-cü il tarixlərində
zəngilanlılar son ana qədər vuruşaraq, 235 nəfər şəhid və itkin verdilər.
Döyüşlərin son mərhələsində əhali Araz
çayını keçərək İran İslam Respublikasının ərazisinə sığınıb,
sonradan Azərbaycanın 43 rayonunda müvəqqəti məskunlaşdı. Zəngilanın 27 illik
işğalı dövründə erməni vandalları tərəfindən rayonun bütün maddi-mədəni irsi
talan edildi, tarixi və dini abidələr yerlə-yeksan olundu. Qədim məscidlər,
türbələr, pirlər, karvansaralar, körpülər, qəbiristanlıqlar və yaşayış yerləri
dağıdıldı, bu abidələrin çoxu tamamilə məhv edildi.
2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsi Azərbaycan Ordusunun qəhrəmanlığı və Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi sayəsində tarixə qızıl hərflərlə yazıldı. Cəbrayıl istiqamətində düşmənə vurulan ağır zərbələr nəticəsində ordumuz Zəngilan rayonunun inzibati hüdudlarına yaxınlaşdı. 18 oktyabr 2020-ci ildə Zəngilanın azad edilməsi uğrunda əməliyyat başlandı və 20 oktyabrda Prezident İlham Əliyev xalqa müraciətində Zəngilan şəhəri və Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin azad edildiyini elan etdi. Bu döyüşlər nəticəsində Zəngilan şəhəri, 4 qəsəbə və 49 kənd düşməndən təmizləndi. Bu, yalnız hərbi qələbə deyil, həm də 27 illik ədalətsizliyin, işğal ağrısının bitməsi demək idi. Zəngilanın azad olunması ilə Azərbaycan Respublikasının İran İslam Respublikası ilə 132 kilometrlik dövlət sərhədi tam bərpa edildi. Bu, ölkəmizin suverenliyinin möhkəmləndirilməsi və regionda yeni geosiyasi reallıqların formalaşması baxımından tarixi hadisə idi".
Deputat qeyd edib ki, Zəngilan rayonu strateji coğrafi mövqeyinə, zəngin təbii ehtiyatlarına və mühüm nəqliyyat qovşaqları üzərində yerləşməsinə görə Azərbaycanın bərpa və inkişaf proqramlarında xüsusi yer tutur:
"İşğaldan azad olunduqdan sonra bu ərazidə
aparılan quruculuq işləri həm Qarabağın iqtisadi xəritəsini yenidən
formalaşdırır, həm də regionun beynəlxalq nəqliyyat sisteminə inteqrasiyasını təmin
edir. Zəngilan rayonunun mühüm üstünlüklərindən biri onun nəqliyyat dəhlizləri
üzərində yerləşməsidir. Burada tikilən Zəngilan
Beynəlxalq Hava Limanı regionun inkişafı baxımından strateji əhəmiyyətə
malikdir. Hava limanı ICAO və IATA standartlarına tam cavab verir və genişgövdəli
yük təyyarələrinin qəbulu üçün nəzərdə tutulub. Bu strateji obyekt təkcə Zəngilanın
deyil, bütövlükdə Qarabağ və Şərqi Zəngəzur bölgəsinin hava nəqliyyatı
infrastrukturunu gücləndirir, həmçinin Zəngəzur
dəhlizinin hava komponentini formalaşdırır. Zəngilanı ölkənin
digər bölgələri ilə birləşdirən Horadiz–Zəngilan–Ağbənd
dəmir yolu və Zəngilan–Horadiz
avtomobil yolu da böyük strateji əhəmiyyət daşıyır. 124
kilometr uzunluğunda olan avtomobil yolunun illik buraxılış gücü 15 milyon ton
təşkil edir. Bu yolun istifadəyə verilməsi Naxçıvana və Türkiyəyə birbaşa çıxış imkanı
yaradacaq. Zəngilan bu gün
yalnız bərpa olunan bir bölgə deyil, eyni zamanda Cənubi Qafqazda yeni iqtisadi, nəqliyyat
və ekoloji inkişaf modelinin mərkəzinə çevrilir".