Dünyanı dəyişən Rusiya–Ukrayna müharibəsi və XOCALI

09:00 - 27 Fevral 2026

Dünyanı dəyişən Rusiya–Ukrayna müharibəsi və XOCALI

İlk baxışdan bəlkə də bu iki tarix arasında hansısa əlaqə gözə dəymir. Amma ilk baxışdan, əslində bütün müharibələrin sonu məhz Xocalıdan keçir. Bu barədə bir qədər sonra. Gəlin öncə dünya müharibələrinin dövlətlərin, xalqların taleyində oynadığı tarixi rola nəzər salaq.


Müharibələr tarix boyu təkcə sərhədləri dəyişməyib; onlar dövlətlərin, xalqların da  xarakterini formalaşdırıb. Rusiyanın Ukraynaya hərbi müdaxiləsi də istisna ola bilməz. Bu müharibə postsovet məkanında dondurulmuş hesab edilən geosiyasi mübahisələrin əslində heç vaxt bitmədiyini göstərir. Daha vacibi isə, o, beynəlxalq hüququn yalnız siyasi iradə və güc balansı ilə qoruna bildiyini bir daha ortaya qoyur. Ukrayna bu müharibədə sadəcə ərazisini müdafiə etmir; o, öz siyasi subyektliyini də qoruyub saxlamağa çalışır. Bu isə hərbi əməliyyatlardan da daha dərin məna kəsb edir. Dövlət, döyüşən xalq  yalnız cəbhədə deyil, iqtisadiyyatda, informasiya məkanında, milli müqavimətdə və kollektiv psixologiyada da ayaqda qalmağı bacarmalıdır. Müharibə uzandıqca əsas sual da dəyişir: kim daha çox ərazi əldə edəcək yox, kim daha davamlı dövlət modeli quracaq və bu savaşdan necə çıxacaq? Bu məqamda Azərbaycan təcrübəsi müqayisə üçün zənnimcə ukraynalılar üçün faydalı olardı. Onlar özləri də həmişə Azərbaycanın uğur formulası haqda maraqlanıbıar.

Azərbaycanın səbrlə güc toplamaq strategiyası


 Söhbətimizin əvvəlində toxunduğumuz məqamdan başlayaq. Xocalı soyqırımı Azərbaycan cəmiyyəti üçün sadəcə faciə deyildi, milli yaddaşı formalaşdıran bəlkə də genetik  hadisəsi idi.  Sosiologiya və kollektiv yaddaş nəzəriyyəsində (Moris Halbvaksın elmi yanaşmasını misal çəkmək olar ) Xocalı kimi qanlı faciələr  “şüuraltı kollektiv zədə” və ya “milli yaddaşın əsas sütunları” kimi təsnifatlandırılır. Bu baxımdan Xocalı qətliamını da milli yaddaşı formalaşdıran, qoruyub saxlayan və cəmiyyəti bir dərd, bir kədər ətrafında birləşdirən əsas amillərdən biri adlandırmaq daha doğru olardı. 90-cı illərin əvvəlində hərbi və siyasi xaos dövrü yaşayan Azərbaycan milli lider Heydər Əliyevin öndərliyi ilə daha emosional qərarlar deyil, uzunmüddətli dövlət quruculuğu yolunu seçir. Enerji gəlirləri iqtisadi və hərbi gücə çevrilir, diplomatik  balans  siyasəti yürüdülür, daxili sabitlik, milli ordu quruculuğu prioritet elan edilir. Bu, taktiki qələbə axtarışlarından daha çox zamanla, səbrlə güc toplamaq strategiyası idi. 2020-ci ildən sonra isə yeni mərhələ,  təkcə hərbi nəticənin əldə olunması deyil, həmin nəticənin siyasi və mənəvi müstəvidə legitimləşdirilməsi dövrü başladı. Xocalıya qayıdış və bərpa prosesi bu baxımdan simvolikdir. Dağıdılmış şəhərin yenidən qurulması yalnız infrastruktur layihəsi deyil; bu, həm də daha çox dövlətin “tarixi ədalətin bərpası” narrativini maddiləşdirməsidir. Yəni dövlət coğrafi məkanı bərpa etməklə yanaşı, kollektiv travmanın sağaldılması prosesini də öz nəzarətinə götürür.


Ukraynadakı amansız savaşla Xocalı soyqırımı arasındakı əlaqə də elə məhz burdadır.  O xalq ki, aldığı zərbədən özünü itirmir, mənən sınmır, mübarizə əzmi zəifləmir və tam əksinə milli faciədən güc alır, düşmənə nifrəti artır, o xalqlar heç zaman məğlub olmur. Azərbaycan xalqı kimi tarixin sınağından üzüağ  çıxırlar. Ümumiyyətlə isə ukraynalı politoloqlar, siyasətçilər, hətta rəsmilər belə ölkələrinin Azərbaycandan öyrənməli çox məqamların olduğunu daim etiraf ediblər. Amma Ukrayna üçün Azərbaycan təcrübəsi sadəcə mexaniki köçürülmə deyil, fərqli  kontekstlər müstəvisində faydalı ola bilər. Ukrayna birbaşa nüvə başlıqlı dövlətlə müharibədədir və qlobal güc balansının mərkəzindədir. Lakin prinsipial oxşarlıqlar da var — burda da dövlətin taleyi uzunmüddətli strateji planlamadan asılıdır. Müharibədə strateji  qələbə  yalnız emosional deyil, daha çox  rasional institutlaşma ilə əldə olunur. Digər mühüm məsələ post-müharibə yanaşmasıdır. Azərbaycan təcrübəsində bərpa və minalardan təmizlənmə prosesi hərbi mərhələdən dərhal sonra prioritetə çevrildi. Bu, cəmiyyətə gələcək perspektivlər təqdim edirdi: dağıntıdan sonra quruculuq gələcək. Müharibə yalnız keçmişin ədalətsizliyinə cavab deyil, o həm də  dinc gələcəyə keçid mərhələsidir. Ukrayna üçün də eyni məntiq keçərlidir. Müharibə davam edərkən belə, gələcək dövlət modelinin – iqtisadi strukturun, enerji siyasətinin, regional inteqrasiyanın – konseptual planı formalaşdırılmalıdır. Əks halda müharibə bitdikdən sonra boşluq yarana bilər.

“Heç vaxt işğalla barışmayın”


Mənəvi ab-hava isə bəlkə də ən həlledici amildir. Müharibə cəmiyyəti ya parçalayır, ya da konsolidasiya edir. Yaddaş siyasəti, düzgün ideoloji iş  burada mühüm rol oynayır. Travma ya revanşizmə, ya da dövlətçilik şüurunun möhkəmlənməsinə çevrilə bilər. Azərbaycan nümunəsində yaddaş dövlətin legitimlik resursuna çevrildi. Ukrayna üçün də əsas çağırış budur: müharibənin yaratdığı ağrı gələcəkdə hansı siyasi mədəniyyəti formalaşdıracaq? Müharibənin taleyi cəbhədə həll olunsa da, dövlətin taleyi müharibədən sonrakı mərhələdə müəyyənləşir. Sual budur: dağıntıdan sonra hansı siyasi kusr seçiləcək, necə bir iqtisadi model və hansı bir milli kimlik bərqərar olacaq? Azərbaycan təcrübəsindən Ukrayna üçün daha bir məsləhət isə Qarabağın fatehi prezident İlham Əliyevdən gəlmişdi.  Hələ ötən il Xankəndidə  baş tutan “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumunda Ukraynanın məşhur jurnalisti  Dmitri Qordon Azərbaycan prezidentinə ölkəsindəki müharibə barədə sual verərək ondan məsləhət istəmişdi: “Biz Ukraynada sizin rəhbərliyiniz altında öz torpaqlarınızı işğaldan azad edilməsini maraqla izləmişdik. Bu, bizi ruhlandıran bir nümunədir. Uzun illərdir ki, biz müharibə şəraitində yaşayırıq. Hazırda Ukrayna dövlətinin mövcudluğu sual altındadır. Siz qalib ölkənin rəhbəri kimi Ukraynaya nə məsləhət görərsiniz?”.  


Azərbaycan liderinin suala  cavabı çox qısa, amma uzun illərin sınağından çıxmış əsil gerçəklik idi: “Heç vaxt işğalla barışmayın. Biz sırf bunu etmişik”. Doğurdan da uzun zaman “vasitəçilər” sülh danışıqları adı altında Azərbaycan dövlətinə, onun xalqına təslimçilik ab-havasını aşılamağa çalışır, itirilmiş torpaqlarla, işğalla barışmağı nəzərdə tutan hansısa “plan”ları sırımağa cəhd edirdilər. Amma Azərbaycan xalqı, onun lideri heç zaman bununla barışmadı və sonda tarixi ədaləti öz gücünə bərpa etdi.  İndi hər şey Ukrayna xalqının öz əlindədir. Tarix də göstərir ki, yalnız çətin anlarda birləşməyi bacaran xalqlar müharibə səhnəsindən qalib ayrılıblar. Bütün, hətta ən ümidsiz  müharibələrin belə mümkün qələbə yolları var, yetər ki, müdrik sərkərdə və ona inanan xalq olsun. Bu da müasir Azərbaycanın yeni qələbə tarixinin parlaq səhifələrindən biri idi.

 Qafqaz Cənublu


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az