“Bösendorfer” konsert royalları təqdim olundu - FOTOLAR

10:00 - 15 Mart 2026

“Bösendorfer” konsert royalları təqdim olundu - FOTOLAR

14 mart 2026-cı il tarixində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında əlamətdar mədəni hadisə baş verib.



Manset.az xəbər verir ki, “PASHA Holding” tərəfindən həyata keçirilən növbəti xeyriyyəçilik təşəbbüsü çərçivəsində Filarmoniyaya Avstriyanın dünyaca məşhur “Bösendorfer” şirkətinə məxsus iki ədəd konsert royalı təqdim olunub. “PASHA Holding” son illər mədəniyyət və sənət sahəsində həyata keçirdiyi müxtəlif layihələr və təşəbbüslərlə ölkənin mədəni həyatının zənginləşməsinə töhfə verir. Şirkət tərəfindən sənət layihələrinin dəstəklənməsi, gənc istedadların təşviqi və mədəni tədbirlərin reallaşdırılması istiqamətində həyata keçirilən təşəbbüslər xüsusi əhəmiyyət daşıyır. 

Bu təşəbbüs mədəniyyət sahəsinə göstərilən dəstəyin və korporativ sosial məsuliyyət ənənələrinin təqdirəlayiq nümunəsi kimi qiymətləndirilir. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Filarmoniyaya dünya səviyyəli musiqi alətlərinin hədiyyə olunmasına görə şirkətə təşəkkürünü bildirir və mədəniyyətin inkişafına yönəlmiş belə təşəbbüslərin dövlət və özəl sektor arasında əməkdaşlığın möhkəmlənməsinə mühüm töhfə verdiyini qeyd edir.

Tədbirdə Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli və Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini, Xalq artisti Murad Hüseynov çıxış edərək ölkəmizdə musiqi sənətinin inkişafı, gənc istedadların dəstəklənməsi və yüksək səviyyəli musiqi alətlərinin ifaçılıq mədəniyyətinin yüksəldilməsində mühüm rolunu vurğulayıblar. Qeyd olunub ki, dünya səviyyəli konsert royallarının Filarmoniya səhnəsinə gətirilməsi ölkənin musiqi həyatında əlamətdar hadisədir və konsertlərin bədii səviyyəsinin daha da yüksəlməsinə töhfə verəcək.

Royalların təqdimat mərasimi tanınmış musiqi xadimlərinin və gənc ifaçıların iştirakı ilə keçirilən konsert proqramı ilə davam edib. Təqdimat çərçivəsində keçirilən konsert proqramında Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib. Müxtəlif nəsillərə mənsub ifaçıların, Xalq artistləri Murad Hüseynov və Murad Adıgözəlzadənin, musiqi məktəbi şagirdləri Tamerlan Məmmədov və Mədinə Paşayevanın  da iştirak etdiyi proqram yeni “Bösendorfer” royallarının səhnədə ilk səslənməsi ilə yadda qalıb.

Xatırladaq ki, “Bösendorfer” 1828-ci ildə Avstriyanın Vyana şəhərində yaradılmış və bu gün dünyanın ən nüfuzlu fortepiano istehsalçılarından biri hesab olunur. Şirkətin konsert royalları zəngin tembr palitrası və yüksək akustik keyfiyyəti ilə seçilir, əsasən əl əməyi ilə eksklüziv  hazırlanır. Məhz bu xüsusiyyətlərə görə “Bösendorfer” alətləri dünyanın aparıcı konsert salonlarında, nüfuzlu musiqi festivallarında və tanınmış pianoçuların repertuarında xüsusi yer tutur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az