Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması

16:19 - 18 İyun 2025

Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması

Müasir cəmiyyətin inkişaf dinamikası, elmi biliklərin və mədəni dəyərlərin geniş kütlələrə çatdırılmasını zəruri edir. Bu baxımdan elmi-kütləvi, mədəni-maarif və təhsil proqramlarının hazırlanması, yalnız informasiya ötürmək deyil, həm də düşüncə tərzini formalaşdırmaq məqsədi daşıyır. Texnologiyanın sürətli inkişafı, maarifləndirmə metodlarına yenidən baxmağı labüd edir və interaktiv, cəlbedici məzmunların əhəmiyyətini artırır. Belə proqramlar, ictimai şüurun yüksəldilməsində və davamlı təhsil mühitinin qurulmasında strateji vasitəyə çevrilir. Onların effektivliyi isə məzmunun elmi əsaslara söykənməsi və auditoriyaya uyğunlaşdırılması ilə bilavasitə bağlıdır.


Mövzu ilə bağlı Manset.az-a danışan təhsil üzrə Kamran Əsədov bildirib ki, Azərbaycanda elmi-kütləvi, mədəni-maarif və təhsil yönümlü proqramların hazırlanması və ictimaiyyətə çatdırılması istiqamətində həyata keçirilən fəaliyyətlər ümumi baxışda fragmentar, davamlılıqdan uzaq və təsir gücü zəif olan bir tendensiya nümayiş etdirir:


"Halbuki elmi və mədəni maarifləndirmə cəmiyyətin intellektual inkişafının, tarixi-mədəni yaddaşın qorunmasının və müasir qlobal çağırışlara uyğun düşüncə tərzinin formalaşmasının əsas şərtlərindən biridir. Azərbaycanda bu istiqamətdə atılan addımlar daha çox təşəbbüskar fərdlərin və bəzi qurumların lokal səviyyəli fəaliyyətləri ilə məhdudlaşır".

Ekspert qeyd edib ki, Azərbaycan Respublikasının “Televiziya və radio yayımı haqqında” Qanununun 32.1-ci maddəsinə əsasən, dövlət televiziya və radio yayımçısı milli-mənəvi dəyərlərin təbliğini, elm və təhsilin populyarlaşdırılmasını təmin etməlidir:

"Lakin mövcud televiziyalarda yayımlanan proqramların təhlili göstərir ki, bu müddəa daha çox formal icra olunur və real nəticəyə xidmət etmir. Bunu Dövlət Statistika Komitəsinin 2023-cü il hesabatı da təsdiqləyir: əhalinin yalnız 6,8%-i elmi və maarifləndirici proqramlara baxdığını bildirib. Bu isə televiziya kontentinin cəlbediciliyi və aktual informasiya daşıyıcısı kimi rolunun zəif olduğunu göstərir.

Digər tərəfdən, Azərbaycan Milli Elmlər Akademiyasının illik fəaliyyət hesabatında da vurğulanır ki, elmi populyarlaşdırmaq üçün yetərli media platforması yoxdur, AMEA-nın öz resursları isə yalnız elmi ictimaiyyətlə məhdudlaşır. Bu halda ictimaiyyətin geniş kütlələri üçün nəzərdə tutulmuş elmi-kütləvi resursların və proqramların nə qədər az olduğu açıq görünür. Bu boşluq daha çox sosial media istifadəçiləri və fərdi kontent yaradıcısı müəllimlər tərəfindən doldurulmağa çalışılır. Məsələn, YouTube və TikTok-da bəzən yüksək izləyici sayı toplayan videolarda tarix, biologiya, psixologiya kimi sahələrdə maarifləndirici məzmun verilsə də, bunlar nə elmi nəzarətdən keçir, nə də təhsil sisteminə inteqrasiya olunur. Bu da həm elmi keyfiyyətin zəifləməsinə, həm də yanlış məlumatların yayılmasına səbəb ola bilir.

Dövlət tərəfindən maarifləndirmə istiqamətində görülən işlərdən biri də “Dərs vaxtı” layihəsi olmuşdu. Pandemiya dövründə Televiziya vasitəsilə yayımlanan bu layihə, ilkin mərhələdə bir zərurət kimi qəbul olunsa da, sonradan davamlı proqramlara çevrilmədi. Halbuki bu model inkişaf etdirilərək yalnız məktəb şagirdləri deyil, ümumi ictimaiyyət üçün “Açıq Elm”, “Hər gün bir mövzu”, “Bir kitab, bir fikir” kimi maarifləndirici televiziya və sosial media layihələrinə çevrilə bilərdi.

Beynəlxalq təcrübə göstərir ki, uğurlu elmi-kütləvi proqramlar yalnız quru informasiya verməklə kifayətlənmir, əksinə maraqlı formatda təqdim olunur. Məsələn, Böyük Britaniyada BBC-nin “Horizon”, Almaniyada ZDF-nin “Terra X”, Fransada “C’est pas sorcier” kimi proqramları illərdir yüksək reytinqlə izlənilir və məktəb təhsilinə dəstəyi təmin edir. Bu proqramların ortaq cəhəti həm vizual cəhətdən keyfiyyətli, həm də ciddi elmi məzmunla zəngin olmasıdır. Hər il milyonlarla izləyicisi olan bu proqramlar universitetlərlə, elmi institutlarla əməkdaşlıq çərçivəsində hazırlanır. Finlandiyada isə Elm və Təhsil Nazirliyinin maliyyələşdirdiyi “Tiedekeskus” (Elmi Mərkəzlər) şəbəkəsi vasitəsilə uşaqlar, gənclər və valideynlər üçün interaktiv elmi sərgilər, TV proqramları və onlayn platformalar təqdim olunur. Bu da təhsilin məktəbdənkənar formalarının güclənməsinə imkan verir".

K.Əsədov vurğulayıb ki, Azərbaycanın bu təcrübədən faydalanması üçün ilk növbədə vahid koordinasiya mexanizmi yaradılmalıdır:

"Elmi-kütləvi proqramların hazırlanması Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Mədəniyyət Nazirliyi və AMEA-nın birgə fəaliyyət planı əsasında həyata keçirilməli, hər qurumun rolu və məsuliyyəti qanunla dəqiq şəkildə müəyyənləşdirilməlidir. Hazırda bu sahədə fəaliyyət göstərə biləcək platforma yoxdur. Hətta “Mədəniyyət” TV belə bu gün reytinq cədvəllərində son sıralarda yer alır. Bu da onu göstərir ki, proqramların formatı, təqdimat tərzi, dil üslubu, mövzu seçimi və auditoriya yanaşması köhnə metodologiyaya əsaslanır.

Müsbət məqam ondan ibarətdir ki, cəmiyyətin bu cür maarifləndirici proqramlara tələbatı var. Bunu “Elm günü”, “Milli Kitab Günü”, “Mədəniyyət Festivalı” kimi tədbirlərə maraq, sosial şəbəkələrdə bəzən sadə, lakin informasiya dolu videoların sürətlə yayılması təsdiqləyir. Bu tələbatın ödənməsi üçün yalnız mövcud strukturların islahatı deyil, yeni media məhsullarının hazırlanması vacibdir. Bu baxımdan televiziyalar üçün kontent hazırlayan dövlət sifarişləri verilməli, “Maarifləndirici Media Fondu” yaradılmalı, jurnalistlər, alimlər və pedaqoqlar üçün təlimlər keçirilməlidir. Hər televiziya kanalında həftəlik olaraq minimum bir elmi-kütləvi proqramın yayımı məcburi qaydada təmin olunmalı, bu proqramlar “Reytinq ölçmə sisteminə” daxil edilməklə dövlət tərəfindən dəstək almalıdır.

Nəticə olaraq, Azərbaycanda elmi-kütləvi və mədəni-maarif proqramlarının hazırlanması üçün institutlaşmış sistem yoxdur. Hazırda görülən işlər fragmentar və təsadüfi xarakter daşıyır, davamlı təhsil siyasətinə inteqrasiya olunmayıb. Mövcud resurslar əsaslı şəkildə optimallaşdırılmalı, müasir texnologiyaların imkanlarından istifadə olunaraq elmin, mədəniyyətin və təhsilin təbliği yeni mərhələyə keçirilməlidir. Bu dəyişikliklər baş verdiyi təqdirdə cəmiyyətin intellektual səviyyəsi artacaq, gənclərin elmə marağı yüksələcək və maarifçilik hərəkatı yenidən canlanacaq. Əks halda, informasiya boşluğunu təsadüfi və qeyri-peşəkar mənbələr dolduracaq ki, bu da ictimai şüurun deformasiyasına yol açacaq".


Seyranə Quliyeva 

6.3.16. Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması;

Bu yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az