İnformasiya və Kommunikasiya Texnologiyaları (İKT) müasir cəmiyyətin inkişafını sürətləndirən əsas vasitələrdən biridir. Bu texnologiyalar insanların gündəlik həyatını sadələşdirməklə yanaşı, təhsil, səhiyyə və iqtisadiyyat sahələrində də dərin dəyişikliklər yaradır. Rəqəmsal platformalar fərdlərin informasiya əldə etmə imkanlarını genişləndirərək qərarvermə proseslərini daha məlumatlı edir. Eyni zamanda, İKT cəmiyyət daxilində bərabərsizliyi azalda və ya əksinə, texnoloji fərqləri dərinləşdirə bilər. Elektron hökumət xidmətləri və onlayn vətəndaş iştirakı demokratiyanın möhkəmlənməsinə töhfə verir. Müasir insan artıq yalnız istehlakçı deyil, informasiya yaradıcısına da çevrilmişdir. Bu texnologiyaların düzgün istifadəsi sosial həmrəyliyi gücləndirə, yanlış istifadəsi isə dezinformasiya yayılmasına səbəb ola bilər. Buna görə İKT-nin cəmiyyətdəki rolu həm fürsət, həm də məsuliyyət kimi qiymətləndirilməlidir.
Mövzu ilə bağlı Manset.az-a danışan informasiya təhlükəsizliyi üzrə mütəxəssis Fərhad Mirəliyev bildirib ki, bütün dünyada, o cümlədən Azərbaycanda informasiya cəmiyyətinin formalaşması istiqamətində proseslər davam edir:
"Bu, o deməkdir ki, rəqəmsal transformasiyalar artıq qaçılmazdır və həyatımızın bütün sahələrinə təsir göstərir. Əvvəlki dövrlərlə müqayisə etdikdə görürük ki, bir zamanlar rəqəmsal savadlılıq şəxsi seçim idi – istəyən bu bacarıqları öyrənir, istəməyən isə bu proseslərdən kənarda qalırdı. Lakin müasir dövrdə artıq rəqəmsal savadlılıqdan yan keçmək mümkün deyil. Təhsil, tibb, iqtisadiyyat və digər sahələrdə bu proseslər aktiv şəkildə gedir. Bu proseslərdə geridə qalan şəxslər isə qaçılmaz olaraq ciddi çətinliklərlə üzləşə bilərlər.
İnformasiya cəmiyyətinin bərqərar olması, eyni zamanda, informasiyanın özünə olan münasibətin də dəyişməsinə səbəb olub. Artıq informasiya təkcə istehsal və ötürülmə obyekti deyil, həm də müdafiəyə ehtiyacı olan bir resurs kimi qəbul edilir. Bu baxımdan, informasiya təhlükəsizliyi bu gün olduqca aktual bir məsələdir. Hər bir şəxs bu proseslərdə iştirak edərkən informasiya təhlükəsizliyinə ciddi şəkildə önəm verməlidir".
F.Mirəliyev qeyd edib ki, əgər əvvəllər insanlar yalnız informasiya proseslərinin istifadəçiləri idisə, indi bu proseslərin təhlükəsizliyinə cavabdehlik də birbaşa vətəndaşların üzərinə düşür:
"Rəqəmsal transformasiyadan uzaq qalan vətəndaşlar isə yaxın gələcəkdə həyatımızın bütün sahələrini əhatə edəcək rəqəmsallaşmanın verdiyi üstünlüklərdən faydalana bilməyəcəklər. Məsələn, “Elektron hökumət” sistemində göstərilən çoxsaylı xidmətlərdən istifadə etmək üçün müəyyən rəqəmsal biliklər tələb olunur. Ən azı sistemə daxil olmaq, qeydiyyatdan keçmək, aidiyyəti bölmələri tapmaq və lazım olan informasiyanı əldə etmək bacarığı vacibdir. Bu proseslərdən kənarda qalmaq isə birbaşa olaraq həmin xidmətlərdən yararlana bilməmək deməkdir. Doğrudur, bəzi xidmətlər hələ də ənənəvi formada təqdim olunur, lakin gələcəkdə yalnız rəqəmsal formatın üstünlük təşkil edəcəyi gözlənilir. Bu səbəbdən də rəqəmsal savadlılıq artıq seçim deyil, zərurətə çevrilib.
Digər bir nümunə kimi, ötən ildən etibarən əmək müqavilələrinin elektron formada, SİMA vasitəsilə bağlanmasını göstərə bilərik. Bu proses informasiya cəmiyyətinə keçidin real nümunəsidir. Bununla belə, proses zamanı müxtəlif çətinliklər ortaya çıxdı. Bir çox insanlar elektron şəkildə əmək müqaviləsi bağlamaqda çətinlik çəkdi və kənar şəxslərin yardımına ehtiyac duydu. Halbuki bu cür şəxsi və məsuliyyətli proseslərin üçüncü şəxslərə həvalə olunması düzgün deyil. Çünki həmin şəxslər əldə etdikləri alətlərdən istifadə edərək vətəndaşın adından digər əməliyyatları – məsələn, kredit götürmək kimi əməliyyatlar həyata keçirə bilərlər. Bu isə ciddi təhlükələr yaradır. Belə halların qarşısını almağın yeganə yolu vətəndaşların rəqəmsal savadlılığını artırmaqdır".
Seyranə Quliyeva
6.3.13. informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi;
Bu yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.