Vəkillər kollegiyalarının rəhbərliyi Türkiyə məhkəmə hakimiyyətinin rəhbər şəxsləri ilə görüşüb - FOTO

17:43 - 25 May 2024

Vəkillər kollegiyalarının rəhbərliyi Türkiyə məhkəmə hakimiyyətinin rəhbər şəxsləri ilə görüşüb - FOTO

Mayın 24-də Ankara şəhərində rəsmi səfərdə olan Türk dünyası Vəkillər kollegiyalarının rəhbərliyi və nümayəndə heyətləri Türkiyədə bir sıra mühüm görüşlərdə iştirak ediblər.

 

Manset.az xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyətləri Türkiyənin Ali Məhkəməsinin sədri Ömər Kerkezi, Konstitusiya Məhkəməsinin sədr müavini Basri Bağcını və Danıştay (Ali-İnzibati Məhkəmə) başqanı Zeki Yiğiti ziyarət edib, görüşlər keçiriblər.

Rəsmi ziyarətdə Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyətinin Vəkillər kollegiyalarının rəhbərliyi və nümayəndə heyətləri iştirak edib.

Əvvəlcə Ankaradakı Heydər Əliyev Parkı ziyarət edilib, Azərbaycan xalqının Ümummilli Liderinin burada ucaldılan abidəsinin önünə əklil qoyulub, xatirəsi dərin ehtiram və hörmətlə yad olunub.

Sonra nümayəndə heyətləri Ali Məhkəmə və Konstitusiya Məhkəməsinin bina kompleksi, muzey, iclas zalları ilə tanış olublar, Danıştayın bütün ölkə üzrə fəaliyyət və strukturu barədə ətraflı məlumatlandırılıblar.

Görüşlər zamanı Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının (ARVK) sədri Anar Bağırov və digər Kollegiya rəhbərləri çıxış edərək türk dünyasının məhkəmə-hüquq və vəkillik sahəsindəki təcrübələri barədə danışıblar, aparılan islahatlar müzakirə olunub, vəkillər arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanıb. Eyni zamanda görüşlərin məqsədi və əhəmiyyəti barədə ətraflı məlumatlar verilib, habelə fikir mübadiləsi aparılıb.

Həmçinin Türk dünyası Vəkillər kollegiyaları rəhbərliyinin keçirilən zirvə görüşünə, imzalanan niyyət bəyannaməsinə toxunulub. Bu tarixi olay Türkiyənin məhkəmə hakimiyyəti orqanlarının rəhbər şəxsləri tərəfindən yüksək qiymətləndirilib, hadisənin türkdilli ölkələr arasında hüquq sahəsində əməkdaşlığın inkişafına mühüm töhfə verəcəyi qeyd edilib.

Sonra qarşılıqlı hədiyyələr təqdim edilib, xatirə şəkli çəkilib.

Qeyd edək ki, mayın 23-də Türkiyənin paytaxtı Ankara şəhərində Türkiyə Barolar Birliyinin və ARVK-nın birgə təşkilatçılığı ilə Türk dünyası Vəkillər kollegiyalarının zirvə görüşü keçirilib, niyyət bəyannaməsi imzalayıb. Bəyannamədə türk dövlətlərinin Vəkillər kollegiyaları birliyinin yaradılması, nizamnaməsinin hazırlanması, o cümlədən növbəti mərhələlərdə zirvə görüşlərinin keçirilməsi nəzərdə tutulub.



Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin