İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”

12:52 - 7 İyul 2022

İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”

6.3.7. işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”

2020-ci ilin payızında torpaqlarımızın işğaldan azad edilməsi ilə bütün dünya Azərbaycanın döyüş meydanındakı hərbi qələbəsinə şahidlik etdi. Ali Baş Komandan İlham Əliyevin dəmir yumruğu cəmi 44 gün müddətində Ermənistana elə bir zərbə vurdu ki, tarixboyu işğalçılar bunu unuda bilməyəcəklər.

İlham Əliyev “Dəmir yumruq” ifadəsinin necə yarandığını açıqladı

 

Torpaqlarımızın işğaldan azad olunmasından sonra dünya başqa bir reallığa da şahidlik etdi. Belə ki, şəhər və kəndlərimiz azad olunduqca əyani şəkildə aydın oldu ki, işğalçı yaşayış məntəqələrimizdə daşı daş üstə qoymayıb. Əslində, Ermənistanın işğal etdiyi ərazilərimizi viran qoyması əvvəldən də məlum idi. Sadəcə, həmin ərazilər düşmənin nəzarətində olduğundan bununla bağlı faktları dünyaya çatdırmaq mümkün deyildi. Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının, Ağdamın işğaldan azad olunması erməni vandallığını olduğu kimi dünyaya çatdırmağa imkan verdi. Cəbrayıl, Füzuli, Ağdam şəhərlərində, bu rayonların kənd və qəsəbələrində bir yaşayış binası, bir ev belə salamat qalmayıb. Erməni vandalları evləri daşlarına qədər söküb, şəhər və kəndləri xaraba qoyublar.

Düşmən milli-mədəni, tarixi və dini abidələrimizə də qənim kəsilib,  dağıda bildiyini dağıdıb, talaya bildiyini talayıb. O cümlədən yeraltı və yerüstü sərvətlərimizi 30 il ərzində qanunsuz şəkildə istismar edib və oğurlayıblar. İşğal altında olan ərazilərimizin gözəl təbiəti də erməni xislətinin qurbanı olub, meşələr, qiymətli ağac növləri kəsilib, tarixi orta əsrlərə qədər uzanan ağaclar məhv edilib.

Qarabağın dirçəlişi və işğaldan azad olunmuş ərazilərimizə Böyük Qayıdış isə çoxdan başlayıb. Belə ki, işğaldan azad olunmuş ərazilərin yenidən qurulmasının təməli hələ bir neçə il əvvəl Cəbrayılın Cocuq Mərcanlı kəndinin yenidən qurulması ilə qoyulub. Hələ o zaman bu kiçik kəndin timsalında xalqımız gördü ki, Prezident İlham Əliyev tezliklə bütün torpaqlarımızı işğaldan azad edəcək və həm də onları yenidən dirçəldəcək.

İndi isə bütün azad olunmuş şəhər və rayonlar dirçəliş yolundadır.  Hələ müharibənin davam etdiyi günlərdən İlham Əliyevin göstəriş və tapşırıqları ilə azad olunmuş ərazilərdə kommunikasiyaların bərpasına başlanılıb. 2020-ci ilin yekunlarına həsr olunmuş və videoformatda keçirilən müşavirədə yekun nitqini bu mövzu ilə tamamlayan  Prezident İlham Əliyev Qarabağ bölgəsində cənnət yaradılacağını bəyan etdi: “Müharibə cəmi iki aya yaxındır ki, başa çatıb. Amma görün, nə qədər böyük işlər görülüb. Bərpa işləri artıq başlanıb və bu, onu göstərir ki, bizim sözümüzlə əməlimiz arasında bu dəfə də heç bir fərq yoxdur. Biz demişdik ki, torpaqlar işğaldan azad olunandan sonra bu torpaqları tezliklə bərpa edəcəyik. Mən bu yaxınlarda demişdim ki, biz Qarabağ bölgəsində cənnət yaradacağıq və sözümdə dururam”.

İşğaldan azad olunmuş ərazilərdə və kəndlərin bərpası və yenidən qurulması, elektrik enerjisi, təbii qaz, su, rabitə, yol, təhsil, səhiyyə, mədəniyyət, mənzil-kommunal, digər zəruri infrastrukturların, mədəni-tarixi abidələrin bərpası və yenidən qurulması, yaşayış evlərinin tikintisi və digər məqsədlərlə 2021-ci ilin dövlət büdcəsində 2,2 milyard manat vəsait ayrılıb.

Yanvarın 4-də isə Prezident İlham Əliyev “Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxsin yaradılması haqqında Fərman imzalayıb. Fərmanda qeyd olunur ki, otuz ilə yaxın bir müddət ərzində erməni qəsbkarları tərəfindən maddi və mədəni sərvətləri talan edilmiş ərazilərimizin yenidən həyata qaytarılması ölkənin siyasi-iqtisadi suverenliyinin güclənməsinin mühüm dayaqlarından biri olacaq: “Azərbaycan iqtisadiyyatının tərkib hissəsinə çevrilməsi məqsədilə işğaldan azad edilmiş bölgələrdə məskunlaşma, layiqli yaşayış və iqtisadi fəallıq təmin ediləcək, bu ərazilərdə həyata keçiriləcək quruculuq-bərpa işləri ölkəmizin sosial-iqtisadi inkişafının əsaslarını daha da möhkəmləndirməklə yanaşı, Azərbaycanın yeni inkişaf prosesində mühüm mərhələ olacaqdır”.

Hazırda işğaldan azad olunmuş ərazilərdə kommunikasiyaların bərpası istiqamətində çoxsaylı layihələr icra olunur. Yollar çəkilir, enerji ilə təminat məsələləri yoluna qoyulur.

Bunlar ilkin addımlardır. Böyük qayıdış isə kompleks tədbirlər sistemindən ibarətdir. Bu proqrama uyğun olaraq işğaldan azad  olunmuş bütün ərazilərimiz tamamilə yenidən qurulacaq, doğma yurdlarına qayıdacaq vətəndaşlarımızın layiqli yaşayışı, məişəti, məşğulluğu təmin ediləcək. Qarabağ bölgəsi Azərbaycanın iqtisadiyyatına böyük töhfələr verəcək. Bütövlükdə, işğaldan azad olunmuş ərazilərimizdə inkişafın Azərbaycan nümunəsinin yeni təntənəsi yaşanacaq.

 

Millət vəkili Fəzail Ağamalı Manset.az-a bildirib ki, yaxın bir neçə ilə işğaldan azad olunmuş tarixi torpaqlarımızın sahibləri öz doğma yurdlarına qayıdacaqlar:

Maaşım yüksəkdir, amma gilas ala bilməmişəm” — Fəzail Ağamalı

“Hər şey göz qabağındadır. 2020-ci ilin noyabrın 8-ində erməni faşistləri üzərində əldə etdiyimiz tarixi qələbədən sonra Ali Baş Komandan Cənab Prezidentin birbaşa iradəsi ilə işğaldan azad olunmuş torpaqlarımıza qayıdışın əsasları qoyuldu.

Dərhal iş başlanıldı. İnfrastrukturun yaradılması üçün addımlar atıldı.

“Azərenerji”, “Azərişıq”, “Azərsu” və yəqinki bunların ardınca eyni zamanda “Azəriqaz” gələcək.

Mənim iki dəfə Şuşada, Ağdamda, Zəngilanda olmağıma əsasən, şəxsi müşahidələrimə söykənərək demək istəyirəm ki, çox böyük, möhtəşəm işlər görülüb.

Bu proses birbaşa Cənab Prezidentin rəhbərliyi, nəzarəti altında uğurla davam etməkdədir. Bu hər bririmizdə inam yaradır ki, insanlar tezliklə öz ata-baba yurdlarında yaşayacaqlar”.

F.Ağamalı əlavə edib ki, ərazilərin minalardan təmizlənməsi prosesi hər halda çox ciddi məsələdir:

Ərazilərin minalardan təmizlənməsi 50 il çəkə bilər" - HƏRBİ EKSPERT

“Ermənilər işğal etmiş olduğu torpaqlarımıza minaları basdırmayıblar, necə deyərlər, minaları səpiblər. Və düşmənliklərini bu günə qədər də davam etdirməkdədirlər. Vermiş olduqları xəritələr də həqiqəti tamamilə əks etdirmir.

Lakin buna baxmayaraq, Azərbaycanın müvafiq qurumları bu baxımdan böyük qəhrəmanlıq göstərərək ərazilərimizin minadan təmizlənməsində ciddi işlər görürlər. Eyni zamanda, başqa ölkələrdən də, ən əsas da qardaş Türkiyədən bizə hərtərəfli yardım var.

Lakin təəssüf ki, Cənab Prezidentin dəfələrlə beynəlxalq təşkilatlar səviyyəsində minalardan təmizləməklə bağlı qaldırmış olduğu məsələləri müvafiq qurumlar, beynəlxalq qurumlar qulaqardına vururlar. Lazımi diqqət yetirmirlər və bu da bizdə təəssüf doğurur. Lakin hər halda, paralel şəkildə minalardan təmizləmə prosesi gedir. Eyni zamanda, quruculuq, abadlıq işləri, əkin-biçin gedir.

Əmin olaq ki, bu işlər də tezliklə başa çatacaq və bütün təhlükələr aradan qalxacaqdır”.

Deputatın sözlərinə görə, işğaldan azad edilən ərazilərdə hava limanlarının inşası çox ciddi layihədir:

“Bu layihə quruculuq işlərində xüsusi yer tutur. Bunlar təkcə mülki əhali üçün deyil, gələcəkdə hərbi məqsədlər üçün də istifadə oluna biləcək strateji mahiyyət kəsb edən hava limanlarıdır.

Füzuli Hava Limanı bildiyimiz ki, qısa zamanda tikilib başa çatdırıldı.

İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan  Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimində iştirak ediblər »  Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Laçın və Zəngilanda da bu işlər sürətlə gedir. Əminəm ki, həmin hava limanları da vaxtında istifadəyə veriləcək. Xüsusilə, bu hava limanlarının tikilib istifadəyə verilməsi həmin bölgələrdə turizmin inkişafına son dərəcə əhəmiyyətli təsirini göstərəcək”.

Millət vəkili qeyd edib ki, “Ağıllı şəhər”, “Ağıllı kənd” yenə Cənab Prezidentin təşəbbüsü ilə gündəliyə gələn məsələdir:

““Ağıllı kənd”in artıq Zəngilanda açılışı oldu, istifadəyə verildi. Biz də, ölkənin siyasi partiya rəhbərləri, politoloqlar, Prezident administrasiyasının siyasi partiyalar və parlamentlə iş şöbəsinin müdiri Ədalət Vəliyevin və şöbə əməkdaşlarının və jurnalistlərin iştirakı ilə bu layihə ilə tanış olduq.

Doğrudan da, heyranedici bir layihədir. Orada yüksək səviyyəli şərait yaradılıb. Həqiqətən, müasir dünya standartlarına uyğun olaraq “Ağıllı kənd” layihəsi başa çatıb. Bizə verilən məlumatlara əsasən, artıq oraya gedəcək insanlar da dəqiqləşdirilib.

Bu yaxınlarda onlar öz kəndlərinə köçəcəklər.

Məlumat verildi ki, bu cür layihələrin bundan sonra da davamı gözlənilir. Əslində orada kənd həyatı ilə müasir texnologiyaların tətbiqini özündə ifadə edən yeni yaşayış məskəninin salınması, istifadəyə verilməsi və xalqımız tərəfindən orada yaşayışın təmin olunması Azərbaycanın bu baxımdan nümunə ola biləcək uğurlarından biri kimi dəyərləndirilməlidir. Yəqin ki, belə də dəyərləndirilir”.

Gülçin Nağıyeva

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.


Xəbər xətti

1 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin