“Jurnalist quş deyil ki, ağacda yatsın, onun evi olmalıdır” - VİDEO

10:34 - 9 İyun 2023

“Jurnalist quş deyil ki, ağacda yatsın, onun evi olmalıdır” - VİDEO

Jurnalist Araşdırmaları Mərkəzinin sədri, Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə ötən gün LAF TV-nin efirində qonaq olub.

 

Manset.az xəbər verir ki, o, qarşıdan gələn Milli Mətbuat Günü, jurnalistlər üçün tikilmiş üçüncü binanın aqibəti və Azərbaycan mediasının mövcud durumu ilə bağlı fikirlər səsləndirib. 

Yenisabha.az xəbər verir ki, S.Verdizadə Prezident İlham Əliyevin Sərəncamı ilə Bakının Bayıl qəsəbəsində jurnalistlər üçün şəhərciyin salınmasını, 2013-2017-ci illərdə iki binanın tikilərək evə ehtiyacı olan jurnalistlərə verilməsini müsbət qiymətləndirib. Baş redaktor birinci və ikinci binalardakı evlərin bölgüsü zamanı qanunsuzluğa yol verildiyinə dair iddialara da münasibət bildirib:

"3 gün əvvəl Xaçmazda bir avtobus qəza törətdi, nə edək bir daha avtobusa minməyək? Hər il Xəzər dənizində yüzlərlə insan boğularaq dünyasını dəyişir, amma insanlar yenə də dənizə getməyə davam edirlər. Jurnalistlər üçün tikilən birinci və ikinci binada problemlər olubsa, haqqı çatmayanlar mənzil əldə edibsə, bu bizə dərs olmalıdır və çalışmalıyıq ki, eyni problemlər üçüncü binada təkrarlanmasın. Çalışmalıyıq ki, haqqı çatdığı halda Əli Həsənovun və onun bandit dəstəsinin yarıtmaz fəaliyyəti nəticəsində kənarda qalan, haqqı tapdalanan insanların üçüncü binada haqqı bərpa olunsun. 

Bizim məqsədimiz bu olmalıdır və hesab edirik ki, 22 İyul Milli Mətbuat Günü ərəfəsində üçüncü bina jurnalistlərə verilməlidir. Şəxsən biz Cənab Prezidentin orada iştirakını arzulayırıq. Çünki birinci və ikinci binalar məhz prezidentin iştirakı ilə jurnalistlərə verilmişdi. 

Bu gün də o evlərə ehtiyacı olan jurnalistlər var və onların kim olduğunu da hamı yaxşı bilir. 

Bu gün Media Reyestri sayəsində kimlərin qanunlar çərçivəsində jurnalist fəaliyyəti göstərdiyini, kimlərin müstəqil fəaliyyət göstərdiyini, kimlərinsə üz qarası olduğunu  Azərbaycan cəmiyyəti, Azərbaycan dövləti bilir". 

S.Verdizadə qeyd edib ki, üçüncü binadan jurnalistlərə ev verilməsi prosesinə başlanarsa, heç bir problem olmadan, şəffaf şəkildə məsələ həll olunacaq:

"Yəni dediyim odur ki, üçüncü binadan jurnalistlərə ev verilməsi prosesinə başlansa, heç bir problem olmadan, əlavə zəhmət, xərc tələb etmədən bu prosesi şəffaf şəkildə həyata keçirmək mümkün olacaq. Sadəcə vaxt azdır, biz seçim prosesinə başlamalıyıq. 

Yenə deyirəm, Azərbaycan böyük ölkə deyil, burada sayı beş əlin barmaqlarından çox olmayan və mənzilə ehtiyacı olan jurnalist var. Onları da hamı tanıyır. Əvvəlki dövrdə problemlər ona görə yaranırdı ki, şəxsi maraqlar öndə gəlirdi, tayfabazlıq, qohumbazlıq vardı. Məsələn, mən düşünürəm ki, mənim üçüncü binadan ev almağa haqqım çatır. Hətta birinci binadan da ev almağa haqqım çatırdı. Bəs niyə almadım? Ona görə ki, Vüqar Səfərli ilə şəxsi konfliktim var idi. Mən mətbuatın hansısa məmurların, icra başçılarının ruporuna çevrilməsinin əleyhinə idim. Hesab edirdim ki, mətbuat məmurdan asılı olmamalıdır. Jurnalist niyə nazirə, icra başçısına yaltaqlanmalıdır? Mən bu hallara qarşı mübarizə apardığıma görə, Vüqar Səfərli hər iki binanın siyahısında məni kənarda qoydu. İndi o adam həbsxanadadır, Allah qapısını açsın. Hazırda mənə cavab vermək imkanı yoxdur, ona görə onun üzərində fokuslanmaq istəmirəm. Sadəcə olaraq o vaxt qapılar mənim üzümə bağlı idi, kabinetinə girib sözümü deyə bilmirdim, məni qəbul etmirdi".  

Sonda S. Verdizadə hər bir vətəndaşa geniş, rahat ev arzulayıb: “Jurnalist quş deyil ki, ağacda yatsın, onun evi olmalıdır. Ev isə hazırdır. Bircə qalır o bağlı qapıları jurnalistlərin üzünə açmaq”.

Verilişi tam olaraq aşağıdakı videoda izləyə bilərsiniz:


Xəbər xətti

15 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin